Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Aralıq dənizindəki “Tamar” layihəsində 10 % və keçən il SARB və “Umm Lulu” yataqlarının işlənməsi layihəsində 3 % pay alması SOCAR-ın beynəlxalq səviyyədə hasilatının genişləndirilməsində yeni səhifə açır.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən “IADC Drilling Caspian 2025” qazma konfransının açılışında bildirib.
"SOCAR uzun müddətdir ki, beynəlxalq neft-qaz şirkətidir, lakin onun xarici fəaliyyəti əsasən neft və neft məhsullarının emalı, nəqli, pərakəndə satışı, ticarəti sahələrində cəmləşib. İndi isə biz hasilat sahəsində beynəlxalq əməliyyatlarımızı genişləndiririk. Bu, SARB və “Umm Lulu” ofşor neft-qaz layihəsində 3 % payın alınması, həmçinin Aralıq dənizindəki “Tamar” qaz-kondensat yatağı layihəsinə son daxil olmağımız sayəsində mümkün olub. Bu sövdələşmələr SOCAR-ın beynəlxalq səviyyədə hasilatının genişləndirilməsində yeni səhifə açır", - B.Hüseynov qeyd edib.
O, həmçinin vurğulayıb ki, "Azneft" İstehsalat Birliyi (İB) tərəfindən işlənilən yataqlar SOCAR üçün “upstream” sektorunda mühüm rol oynayır: "Onun birbaşa idarəçiliyi altında gündəlik 100 min bareldən çox neft hasil edilir. Birliyin fəaliyyəti həm qurunu, həm də şelfi əhatə edir".
B.Hüseynovun sözlərinə görə, şirkətin digər strateji məqsədi dekarbonizasiya və enerji keçididir: "Biz bütün əməliyyatlarımızın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal gündəliyə uyğun olmasına can atırıq. Aydın məqsədlər müəyyən edərək və konkret addımlar ataraq SOCAR emissiyaların azaldılması üzrə beynəlxalq və regional təşəbbüslərə əhəmiyyətli töhfə verir".