07 fevral 2025 21:14
157

Kreml təbliğatçıları şantaj taktikasına keçib

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı ilkin hesabat açıqlandırdan sonra bir daha bəlli oldu ki, Azərbaycan tərəfinin mövqeyi ədalətlidir və irəli sürdüyü şərtlər yerinə yetirilməlidir. Bütün faktlar təyyarənin Rusiya ərazisində vurulmasını təsdiqləyir. Amma biz müşahidə edirik ki, Azərbaycan tərəfinin əsaslə arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına Rusiya tərəfi özünəməxsus şəkildə - aqressiya və şantajla cavab verməyə başlayıb. Daha doğrusu, hakim "Vahid Rusiya" partiyasının nümayəndələrini prosesə qoşublar və onlar ölkəmizin əleyhinə açıqlamalar veririlər. Təbii ki, bunu özbaşına etmirlər. Deputatlar Nikolay Valuyevin, Yevgeni Popovun sərsəmləmələri də bunu təsdiqləyir.

Məsələni "İki sahil"ə dəyərləndirən Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi ki,  2022-ci ilin 22 fevral tarixində Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalanıb. Yəni, bu o deməkdir ki, münasibətlərimiz öz inkişafında növbəti, daha yüksək səviyyəyə qalxıb. Ancaq münasibətlərin bu səviyyəsi həm də onu tələb edir ki, hər iki tərəf bu münasibətlərə hörmətlə yanaşsın, strateji xarakterli əlaqələrin dinamik inkişafına töhfə versin və ona xələl gətirə biləcək heç bir addım atmasın. Amma təəssüf ki, biz bu fikirləri Rusiya haqqında söyləyə bilmərik. Məlum təyyarə qəzasından sonra rəsmi Moskva öz günahını boynuna alıb üzrxahlıq etmək, cinayətkarları cəzalandırmaq, kompensasiya ödəmək əvəzinə Azərbaycana qarşı dezinformasiya müharibəsinə başlayıb. 

Görünür başından o qədər zərbələr alıb ki...

Azərbaycan dövləti Bakıdakı "Rus evi" adlanan bir təşkilatının qeyri-qanuni fəaliyyəti ilə bağlı addımlar atmağa başlayarkən bizə qarşı növbəti təbliğat kampaniyasına start veriblər. Anti- Azərbaycan xarakterli dezinformasiyalar, fake xəbərlər tirajlamaqla məşğuldurlar. Hətta iş ora gəlib çatıb ki, Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" partiyasından olan deputatı Nikolay Valuyev bir qədər də irəli gedib. Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının bağlanması, azərbaycanlı miqrantların deportasiya edilməsi, vətəndaşlıq alanların Ukrayna cəbhəsinə göndərilməsi ilə bağlı təkliflərlə çıxış edib. Bu azmış kimi jarqon ifadələr işlədib.  Valuyev boksçu olub. Görünür başından o qədər zərbələr alıb ki, abelə absurd təkliflər səsələndirir. Bu, onun beyninin məhsulu deyil, Kremldən gələn təlimat əsasında söylənmiş fikirlərdir. Eyni zamanda, Donbasda separatçılıqla ad çıxarmış Pinçuk elə məhz bu fəaliyyətinə görə Kreml tərəfindən mükafatlandırılıb, onu deputat seçiblər. O, azərbaycanlılara məxsus ticarət kompleksinin bağlanması, hətta əmlakın müsadirəsi kimi cinayətkar xarakterli təkliflərlə çıxış edib. Bu şəxslər hakim "Vahid Rusiya" partiyasına məxsus şəxslərdir, deməli, onlar bunu özbaşına etmirlər, onlara dirijorluq edənlər var.  Bunu o dövlətə qarşı edirlər ki, indiyyə qədər Rusiyaya qarşı tətbiq edilən heç bir sanksiyaya qoşulmayıb və bir çox strateji məsələlədə Rusiyanın yanında yer alıb. Buna görə təşəkkür etmək əvəzinə Azərbaycana qarşı bu cür təxribatçı davranış ortaya qoyurlar.

Rusiyanın bu mövqeyini qınayırıq

Deputat qeyd etdi ki, tarixi vərəqləsək tamamilə başqa bir mənzərə ortaya çıxır. Azərbaycanlılara qarşı törədilmiş hərbi  cinayətlərdə rus hərbçilərinin birbaşa iştirakı olub və onlar bunu özbaşına bunu etməyiblər. 1997-ci ildə Yeltsin hakimiyyəti dövründə bir milyard dollarlıq haqqı ödənilmədən silah - sursat Ermənistana verilmişdi. O qədər silahlar alan Ermənistan təbii ki, işğalı davam etdirəcəkdi. İkinci Qarabağ müharibəsi zamanı da Rusiya Ermənistanı silahlandırırdı. Bu dəstək olmasaydı Ermənistan bizimlə müharibədə heç 14 gün dözməzdi. Təəssüf hiss ilə qeyd edirik ki, müttəfiq hesab edilən bir dövlət Azərbaycana qarşı müttəfiqlik münasibətləri daban-dabana zidd olan bir davranış ortaya qoyur. Bu isə heç şübhəsiz ki, çoxlu suallar yaradır. Rusiyanın bu mövqeyini qınayırıq.

"Rus Evi"nin bağlanması milli maraq məsələsidir

Politoloq Şəbnəm Həsənova qeyd etdi ki, dövlət başçımız tərəfindən həyata keçirilən uğurlu siyasətdə qonşu ölkələrlə münasibətlərə xüsusi önəm verilir. Yalnız bu qədər uzaqgörən bir siyasətçi tarixi münaqişələrin həllini sadəcə öz xalqının mənafeyi baxımından deyil, regional xalqların ümumi rifahı baxımından dəyərləndirə, hədəfə çevirə bilər. Müzəffər Liderimiz onu da xalqımıza aşılayır ki, ordu quruculuğu qədər ideoloji baxımdan da güclü olmalı, tariximizi unutmamalı, gələcək nəsillərə aşılamalıyıq. Bu məqamda yaddaşım məni cənab Prezident İlham Əliyevin 2022-ci ilin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Beynəlxalq Çernobbio Forumunun plenar iclasındakı çıxışına apardı. Dövlət başçımız deyirdi: “Qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir”. 
Politoloq "Rus Evi" məsələsi ilə bildirib ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verərək qeyd edib ki, təəssüf hissi keçirilir. Bəli, biz də çox təəssüf içindəyik. Bizim üçün həssas olan məsələlərin müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə müzakirəyə çıxarılacağını gözləyirik. Azərbaycan milli maraqlar üzərindən siyasət yürüdür. Bu maraqların formalaşmasında və həyata keçirilməsində güc və əxlaqın qarşılıqlı təsiri çox vacib amildir. Münasibətlərin uzunömürlülüyü, davamlılığı qarşı tərəfdən də çox şey tələb edir. Axı, milli maraqların mühakiməsi prosesi mərhələsi də önəmlidir. Mühakiməmiz isə ittiham deyil, hədə deyil, təbii haqqımızdır.  Odur ki, Azərbaycan milli maraqlar məsələsində zərrə qədər belə boşluğa yol verə bilməz. "Rus Evi"nin bağlanması da milli maraq məsələsidir.

Səbinə Kazımova, “İki sahil”