Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Düylün və Üstüpü kəndlərində Şəhidlər xiyabanlarını ziyarət edib. Millət vəkili, həmçinin Düylün kəndindən olan şəhidlər Abdullayev İntiqam Allahverdi oğlunun, Hüseynov Mətin Ramiz oğlunun və Qədimov Pənah Salman oğlunun ailələrini evlərində ziyarət edib.
Şəhid ailələri ilə görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri qəhrəmanlıq, vətənpərvərlik və hünər simvoludur. Bu ucalığa yüksələnlərin şərəfli ömür yolu, şücaəti indiki və gələcək nəsillərə örnəkdir. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca tutur.
Şəhidlərin ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Milli Məclisin deputatı Üstüpü kəndinin ən yaşlı sakini, 97 yaşlı Əsədov Məhəmməd Həsən oğlunu və Düylün kəndinin ən yaşlı sakini, 93 yaşlı Həsənov Abbas Müseyib oğlunu evlərində ziyarət edib, onlara cansağlığı, gümrahlıq arzulayıb.
Görüş zamanı kənd ağsaqqalları dövlətimizin göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər və ziyarət üçün millət vəkilinə təşəkkür ediblər.