Bornmut və Banqor Universitetlərinin britaniyalı alimləri müəyyən ediblər ki, Böyük Britaniya ərazisinə eskulap ilanları (Zamenis longissimus) qayıdıb. Bu sürünənlər növü Britaniya adalarında təxminən 300 min il öncə buzlaşma dövrlərinin birində yox olmuşdu.
“İki sahil” xəbər verir ki, kəşf barədə “The Conversation” nəşri məlumat yayıb.
Eskulap su ilanları ailəsindən olan zəhərsiz ilandır. O, qədim Roma müalicə tanrısı Eskulapın şərəfinə adlandırılıb. Sürünənlər Cənubi, Mərkəzi və Şərqi Avropa, Kiçik Asiya və Qafqazda yayılıb.
Tədqiqatçıların sözlərinə görə, Eskulap tarixən daha isti regionlarda yaşayıb, lakin son iqlim dəyişiklikləri səbəbindən yerli ilan populyasiyaları azalmağa başlanıb. Eyni zamanda, Böyük Britaniyaya gətirilmiş nümunələr ətraf mühit şəraitinə uyğunlaşaraq təbiətdə uğurla məskunlaşıblar.
Alimlər müəyyən ediblər ki, ilanlar şimali Uelsdə yerli fauna ilə münaqişəyə girməyərək və əksər insanlar üçün görünməz qalaraq özlərini yaxşı hiss edirlər.
Tədqiqatçılar növlərin yeni şəraitə uyğunlaşması zərurətini nəzərə alaraq biomüxtəlifliyin qorunması strategiyalarına yenidən baxmağı təklif ediblər. İntroduksiya edilmiş (qəsdən və ya təsadüfən gətirilmiş) növləri təhlükə kimi qəbul etmək əvəzinə, qlobal istiləşmə şəraitində ekosistemlərin qorunmasında onların rolunu tanımaq lazımdır.
Lakin mütəxəssislər vurğulayıblar ki, xəstəliklərin yayılması və ya yerli ekosistemlərin balansının pozulması kimi gözlənilməz nəticələrdən qaçınmaq üçün belə qərarlar ehtiyatla qəbul edilməlidir.