10 fevral 2025 10:35
252

Nasaz avtomobillər qeyri-pik saatlarda da sıxlığa səbəb olur - VİDEO

Qəzaların baş verməsi və texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması qeyri-pik saatlarda belə sıxlıq olmayan yollarda nəqliyyatın hərəkətində problemlər yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı müraciətdə qeyd olunub.

Bildirilib ki, yağıntılı havalarda nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək, lazımi ara məsafəsi saxlamamaq, yolun sürüşkən olması və əyləc sistemindən düzgün istifadə etməmək qəzalara səbəb olur:

"Paytaxtda müxtəlif vaxtlarda müşahidə kameralarına düşən bu hadisələr bəzi sürücülərin belə havalarda qeyd edilən nüanslara diqqət yetirmədiklərini göstərir. Sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin təkərlərinin, şüşə təmizləyicilərinin və işıqlandırma cihazlarının sazlığını yoxlamalıdırlar. Hərəkət zamanı nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə, hətta yolun sürüşkən vəziyyətini nəzərə alıb nisbətən aşağı sürətlə idarə etməli, ara məsafəsini isə daha böyük götürməlidirlər.

Yağıntılı havalarda yolda sürüşmə riski çox olduğundan təhlükəli manevrlərdən çəkinmək lazımdır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarşıdakı günlərdə və aylarda yağmurlu hava şəraitinin olacağını nəzərə alaraq, sürücüləri yollarda daha diqqətli olmağa və göstərilən qaydalara əməl etməyə çağırır".