10 fevral 2025 11:51
120

Bakıda “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı keçirilir

Dünya Bankı Bakıda 2024-cü il üzrə “Dünya İnkişafı haqqında Hesabat”ın (World Development Report - WDR) təqdimatını keçirir.

“İki sahil” xəbər verir ki, hesabatın nəticələri və onun əsasında regional təhlil hesabatın əsas müəllifləri və Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı tərəfindən təqdim edilib.

Bildirilib ki, “Dünya İnkişafı haqqında Hesabat” (WDR) 1978-ci ildən bəri Dünya Bankı tərəfindən nəşr olunan illik hesabatdır. Hər bir hesabat iqtisadi inkişafın müəyyən bir aspekti haqqında dərin təhlili təqdim edir. Hesabatlar bankın inkişaf haqqında baxışlara ən tanınmış töhfəsidir.

Son 50 ilin dərslərinə əsaslanaraq, “2024-cü il üzrə Dünya inkişafı haqqında hesabat: Orta Gəlir Tələsi” müəyyənləşdirir ki, ölkələr zənginləşdikcə adətən ABŞ-ın adambaşına ümumi daxili məhsulunun 10 faizi səviyyəsində bir “tələyə” düşür - bu gün üçün bu rəqəm 8000 dollar ekvivalentindədir. Bu, Dünya Bankının “ortagəlirli” ölkələr kimi təsnif etdiyi ölkələr qrupunun təxminən orta adambaşına ÜDM-ə bərabərdir. WDR inkişaf etməkdə olan iqtisadiyyatların “orta gəlir tələsi”ndən qurtulmaq üçün nələri edə biləcəyini müəyyən edir. 1990-cı illərdən bəri yalnız 34 ortagəlirli iqtisadiyyat bu uğura nail olub. 2023-cü ilin sonunda qalan 108 ölkə “orta gəlir tələsi”ndə ilişib qalıb. 1970-ci ildən bəri ortagəlirli ölkələrin adambaşına düşən orta gəliri heç vaxt ABŞ-ın göstəricisinin 10 faizindən yuxarı qalxmayıb.

Bugünkü mühitdə yüksək gəlir statusuna çatmaq daha da çətin olacaq – səbəblər sırasında inkişaf etməkdə olan ölkələrdə yüksək borc və yaşlanan əhali, inkişaf etmiş iqtisadiyyatlarda isə artan proteksionizmi qeyd etmək olar. “Dünya İnkişafı haqqında Hesabat”ın 2024-cü il buraxılışında bütün inkişaf etməkdə olan iqtisadiyyatların orta gəlir tələsindən necə qurtula biləcəyi izah edilir. Hesabat ölkələrin yüksək gəlir statusuna çatması üçün “3i strategiyası”nı təklif edir. İnkişaf mərhələlərinə görə, bütün ölkələr ardıcıl və getdikcə daha mürəkkəb siyasət qarışığını tətbiq etməlidir.

Aşağıgəlirli ölkələr yalnız investisiyaları artırmağa yönəlmiş siyasətlərə fokuslana bilərlər – bu, birinci “i” mərhələsidir. Lakin aşağı-orta gəlir statusuna çatdıqdan sonra, onlar sürəti artırmalı və ikinci “i” mərhələsinin siyasətlərinə keçməlidirlər. Bu mərhələ investisiya və infuziyadan, yəni xaricdən texnologiyaların qəbul edilməsi və onların iqtisadiyyata yayılmasından ibarədir. Yuxarı-orta gəlir səviyyəsində çatdıqdan sonra ölkələr yenidən sürəti dəyişməli və sonuncu, üçüncü “i” mərhələsinə keçməlidirlər: investisiya, infuziya və innovasiya. İnnovasiya mərhələsində ölkələr artıq ideyaları qlobal texnologiya liderlərindən borc almırlar - onlar sərhədləri irəli aparırlar.

Digər tərəfdən, ortagəlirli ölkələr yaradıcı, saxlayıcı və məhvedici qüvvələr arasında balanssızlıqdan əziyyət çəkirlər. Yaradıcı qüvvələr zəifdir, saxlayıcı qüvvələr güclüdür və məhvedici qüvvələr tərəfindən geri çəkilir. Buna görə də ortagəlirli ölkələr bu qüvvələri balanslaşdırmalıdırlar.

Bu o deməkdir ki, vəziyyəti olduğu kimi saxlamağa meyilli olan qüvvələri zəiflətmək üçün qərar verənlər intizamlı olmalı, yaradıcı qüvvələri gücləndirmək üçün müsbət təsir göstərən və istedad, kapital və enerjidən səmərəli istifadəni təmin edən fəaliyyətlər mükafatlandırılmalı, böhranlardan istifadə edərək köhnəlmiş siyasət və institutların məhv edilməsinə şərait yaradılmalıdır. Bu prinsiplər ortagəlirli ölkələrə iqtisadi artımı davamlı saxlamaq üçün investisiya, infuziya və innovasiya qarışığını davamlı olaraq yenidən tənzimləməyə kömək edə bilər.