İnsan kapitalının inkişafı Azərbaycanın iqtisadi artımı üçün əsas vəzifədir.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Dünya Bankının "World Development Report" (Dünya İnkişafı haqqında Hesabat) adlı hesabatının Bakıda keçirilən təqdimatı zamanı etdiyi çıxışda danışıb.
“1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir 110 ABŞ dolları təşkil edirdi. 2023-cü ilə Azərbaycan artıq orta səviyyəli gəlirləri olan ölkəyə çevrilib - adambaşına düşən gəlirlər 60 dəfə artıb – Atlas metodu ilə ümumilli gəlir 6660 dollar təşkil edib. Azərbaycan nəzərəçarpan nəticələrə nail olmaq üçün öz təbii resurslarından uğurlu şəkildə istifadə edir. Lakin Azərbaycanın ambisiyaları bundan da ötədir. Yüksək-gəlirli ölkəyə çevrilmək üçün təkcə fiziki investisiya tələb olunmur, eyni zamanda insan kapitalının davamlı inkişafı, istedadların ölkədə saxlanılması və iqtisadiyyatın şaxələndirilməsinə vasitəçilik edən institusion möhkəmləndirmə işləri də az vacib deyil”, - deyə o bildirib.
Praysın sözlərinə görə, bir çox ölkələr durğunluq mərhələsini yaşamaqdadırlar və orta gəlirli ölkələrdən, yüksək gəlirli ölkələr kateqoriyasına böyük çətinliklə keçirlər.
“1990-cı illərdən bəri orta-gəlirli ölkələrdən yalnız 34-ü bu keçidi həyata keçirə bilib. Qalanları - 108 ölkə 2023-cü ilin sonuna orta gəlir “tələsinə” düşüb. 1970-ci ildən bəri orta gəlir səviyyəsi olan ölkələrdə adambaşına düşən orta gəlir heç vaxt ABŞ-nin orta gəlir səviyyəsini 10 faizdən çox ötə bilməyib”, - deyə o bildirib.
Praysın sözlərinə görə, hesabatda müasir şəraitdə yüksək gəlirli ölkə statusuna nail olmağın daha çətin olacağı bildirilir. Bunun əsas səbəbləri inkişaf etməkdə olan ölkələrdə yüksək borclanma səviyyəsi, əhalinin qocalması və inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə artan himayəçilik siyasətidir.
O qeyd edib ki, Dünya bankı 1978-ci ildən bəri hər il Dünya inkişafı haqda hesabatı dərc edir. Dünya inkişafı haqda dərc olunmuş hər bir hesabat iqtisadi inkişafın bu və ya digər aspektlərinin dərin təhlilinin məhsuludur. "Dünya İnkişafı Haqqında hesabatlar" Dünya Bankının inkişaf problemlərinin araşdırılmasına verdiyi ən mühüm töhfələrdən biri hesab olunur.