11 fevral 2025 17:32
106

Makron və Mask arasındakı münasibətlər pisləşib

Fransa prezidenti Emmanuel Makron və Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask arasındakı münasibətlər son həftələrdə pisləşib.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadla yazır.

Nəşr 2024-cü ilin dekabr ayının əvvəlində Paris Notr-Dam kilsəsinin açılış mərasimi zamanı baş verən hadisədən bəhs edir. “Politico”nun məlumatına görə, mərasimdə qonaqlar arasında yerlər paylandıqdan sonra Mask gözlənilmədən hazırkı ABŞ Prezidenti Donald Trampa daha yaxın oturmaq üçün ön sıralara doğru hərəkət edib, lakin sahibkar doqquzuncu sıraya köçürülüb. D.Tramp E.Makronla birinci xanım Brijit Makron arasında əyləşib.

Məqalədə, həmçinin qeyd olunub ki, sahibkar Parisdə keçirilən süni intellekt sammitində iştirak etmir. Qəzet bunu Makron üçün zərbə adlandırır, çünki o, illərdir Maskı Fransaya sərmayə qoymağa inandırmağa çalışırdı. Lakin Maskın “Tesla” şirkəti bunun əvəzinə Almaniyada zavodunu genişləndirməyə qərar verdiyi üçün bu hələ baş verməyib. Bununla yanaşı, məqalədə qeyd olunur ki, Makron hələ də "Maskın milyonlarını" ölkəyə cəlb etmək cəhdlərindən əl çəkməyib.