12 fevral 2025 00:13
110

Yaşıl enerji strategiyasında yeni dövr

Ekspert: Qara dəniz enerji sualtı kabeli Azərbaycanın enerji ixrac strategiyasına ciddi töhfə verəcək

Ölkəmizin həyata keçirdiyi enerji strategiyası bir neçə əsas istiqamətdən ibarətdir. İlk növbədə daxili enerji təhlükəsizliyinin təmin edilməsi ön plandadır. Azərbaycan neft və qaz ehtiyatlarına malik olmaqla enerji tələbatını tam ödəyir və ixrac potensialını gücləndirir. Bununla yanaşı, beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə müxtəlif qlobal layihələrə imza atılır. Xüsusilə, TANAP və TAP kimi boru kəmərləri Avropanın enerji asılılığını azaltmaqla Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Son illərdə Azərbaycan Avropa İttifaqı ilə yaşıl enerji sahəsində də əməkdaşlığı genişləndirir. Bərpaolunan enerji mənbələrinin inkişafı qlobal enerji təhlükəsizliyinin təmin edilməsində və ekoloji problemlərin həllində mühüm rol oynayır. Qara dənizdə çəkilməsi planlaşdırılan sualtı kabel bu sahədə yeni enerji dəhlizlərinin yaradılmasına töhfə verəcək. Bugünlərdə Rumıniyanın paytaxtı Buxarestdə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın ötürmə sistemləri operatorlarının iştirakı ilə Qara dəniz enerji sualtı kabeli layihəsinin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company”nin yaradılması prosesi uğurla tamamlanıb. Bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, birgə müəssisə yaşıl enerji dəhlizinin tədqiqat və layihələndirmə fəaliyyətləri ilə məşğul olacaq. Onun fəaliyyəti dəhlizdə quraşdırılacaq optik lifli rabitə kabelini də əhatə edəcək. Məlum olub ki, Qara dənizin sualtı ilə elektrik kabelinin tikintisi 2030-cu ildə başa çatacaq.

“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Qara dəniz enerji sualtı kabeli layihəsi Azərbaycanın enerji ixrac strategiyasına ciddi töhfə verəcək və enerji ixracında diversifikasiyanı təmin edəcək: “Bu layihə vasitəsilə Azərbaycan Avropaya bərpaolunan enerji ixracını həyata keçirə biləcək, xüsusən də Xəzər dənizindəki günəş və külək enerjisi layihələri ilə əlaqəli olan elektrik enerjisini. Eyni zamanda, layihə Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə verəcək və Azərbaycanın enerji təchizatının dayanıqlılığını artıracaq. Azərbaycanın Avropadakı mövqeyi bu layihə ilə daha da güclənəcək. Çünki Avropa enerji bazarının şaxələndirilməsi və daha dayanıqlı enerji mənbələrinə ehtiyacı var. Bu, həmçinin Azərbaycanın yaşıl enerji təchizatçısı kimi nüfuzunun artmasına gətirib çıxaracaq”.

Həmsöhbətimizin sözlərinə görə, “Green Energy Corridor Power Company”nin yaradılması Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında enerji ticarətində yeniliklər vəd edir: “Bu şirkət, dörd ölkə arasında elektrik enerjisi ticarətini daha effektiv və şəffaf edəcək, habelə enerji mübadiləsini asanlaşdıracaq. Şirkət enerji bazarını tənzimləyəcək və müxtəlif ölkələr arasında enerji axınının yaxşılaşdırılmasına kömək edəcək. Bu öz növbəsində ticarət mühitini daha dayanıqlı edəcək və bazar qiymətlərinin şəffaf və bazar əsaslı şəkildə müəyyən olunmasına şərait yaradacaq. Şirkət, həmçinin beynəlxalq bazarların tələblərinə uyğun olaraq enerji qiymətlərinin formalaşmasında və bazar tənzimlənməsində mühüm rol oynayacaq. Beləliklə, bu addım ölkələr arasında enerji bazarlarının və qiymətlərin daha səmərəli şəkildə tənzimlənməsini təmin edəcək”.

Aydın Quliyev qeyd etdi ki, Qara dəniz enerji sualtı kabeli layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan investisiya həcmi çox böyükdür : “Azərbaycanın bu prosesdəki maliyyə öhdəlikləri, xüsusilə kabelin öz ərazisindən keçən hissəsinin inşası və enerji şəbəkəsinin qurulması ilə əlaqədar olacaq. Eyni zamanda, Azərbaycanın bu layihədən əldə edəcəyi iqtisadi dividendlər uzunmüddətli perspektivdə nəzərəçarpacaq dərəcədə yüksək olacaq. Bu dividendlər, xüsusilə enerji ixracından əldə edilən gəlirlər, ölkənin yaşıl enerji sahəsindəki nüfuzunun artması və enerji bazarlarında mövqeyinin güclənməsi ilə bağlıdır”.

Ekspert vurğuladı ki, bu layihə Azərbaycanın enerji sektoruna yeni strateji imkanlar qazandırır, yaşıl enerji ixracını artırır, Avropa bazarında mövqeyimizi gücləndirir və ölkənin uzunmüddətli enerji təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verir.

Göründüyü kimi, bu layihə, “Xəzər–Qara dəniz–Avropa” marşrutu vasitəsilə Xəzər və Mərkəzi Asiya regionlarından Avropaya bərpaolunan enerji (yaşıl enerji) daşınmasını hədəfləyir. Qara dəniz enerji sualtı kabeli layihənin bir hissəsidir və bu, regionlar arasında enerji əlaqələrinin yaradılmasına, həmçinin Avropanın etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrindən faydalanmasına imkan verəcək.

Mərkəzi Asiyanın yaşıl enerjisi isə Azərbaycandan keçməklə nəql olunacaq. Artıq Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa imza atıblar.

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq, hər üç ölkənin maraqlarına cavab verir. Bu əməkdaşlıq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirir, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdırır. Eyni zamanda, Orta Dəhlizin inkişafını və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsini təmin edir. Həmçinin, bərpaolunan enerji layihələrinə investisiyaların artırılmasına və enerji istehsalının daha səmərəli olmasına şərait yaradır. Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanlarının genişlənməsi gözlənilir.

Beləliklə, Qara dəniz enerji sualtı kabelinin çəkilişi Azərbaycanın Qazaxıstan və Özbəkistanla əməkdaşlığını gücləndirərək ölkəmizin tranzit imkanlarını genişləndirir və yaşıl texnologiyaların tətbiqində lider mövqeyini möhkəmləndirir. Bu əməkdaşlıq həm də Azərbaycanın ixrac imkanlarını artırır. Qazaxıstanın təbii resursları, Özbəkistanın geostrateji mövqeyi və Azərbaycanın geniş enerji infrastrukturu, tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial yaradır.

Nigar Orucova, “İki sahil”