12 fevral 2025 08:14
88

İsveçdə media sənayesi risklərlə üzləşib

İsveçin media sənayesi ciddi risklərlə üzləşib: büdcə ixtisarları, qədim qəzetlərin bağlanması və rəqəmsal formata keçid.

“İki sahil” xəbər verir ki, “Aftonbladet” kimi məşhur nəşrlər gəlirlərin azalması səbəbindən kağız versiyasının buraxılışını dayandıra bilər. “Aftonbladet” və “Svenska Dagbladet” kimi iri nəşrlərə sahib olan “Schibsted” media konserni 520 milyon krona (47,7 milyon ABŞ dolları) qənaət edilməli olduğunu və bu səbəbdən 350 əməkdaşın ixtisar edilməli olduğunun zəruriliyini vurğulayıb.

Bundan əvvəl İsveçin “Sveriges Radio” radiosu da bu cür problemlə üzləşdiyindən, antiböhran tədbirləri çərçivəsində 180 nəfəri işdən azad edib.

Getdikcə daha çox qəzet tiraj sayını azaldır, kənd ərazilərində satışı dayandırır və ya tamamilə onlayn versiyaya keçir. Bəzi redaksiyalarda hətta redaktorlar süni intellektlə əvəz olunur. Süni intellekt başlıqlar yazır, mövzu təklif edir, faktiki arayışlar hazırlayır, hətta məqalələri redaktə edir.

Hötebörq jurnalistika məktəbinin jurnalistika və siyasi əlaqələr üzrə professoru Yesper Strömbek isə hesab edir ki, süni intellektin rolunu indidən proqnozlaşdırmaq çətindir.

Baxmayaraq ki, rəqəmsallaşma xəbərləri daha əlçatan edir, lakin araşdırmalar göstərir ki, informasiyanın mobil cihazlar vasitəsilə əldə edilməsi onun mənimsənilməsini çətinləşdirir. Çox vaxt xəbərdarlıqlar və reklamlar oxucuların fikirlərini yayındırır ki, bu da xəbərlərin səthi qavranılmasına gətirib çıxarır. Eyni zamanda, abunə modeli də hələ ki, sabit deyil: əgər əvvəllər insanlar qəzetlərə onilliklərlə abunə olurdularsa, indi rəqəmsal abunəçilər məzmundan narazı qaldıqda, asanlıqla abunəlikdən imtina edirlər.

Jurnalistikanı qoruyub saxlamaq üçün bir çox İsveç media qurumu digər sahələri öyrənməyə başlayıb: daşınmaz əmlakla məşğul olur, internet xidmətləri satır və ya onlayn mağazalar açırlar. Lakin bu cür tədbirlər də həmişə ziyana uğramış nəşrləri xilas etmir. 2023-cü ilin sonunda NTM media qrupu 1905-ci ildən nəşr olunan “Folkbladet” qəzetini bağlamaq məcburiyyətində qaldı, çünki onun zərərləri bütün şirkətin maliyyə sabitliyinə təhdid yaradırdı.

Ekspertlərin fikrincə, İsveç media sənayesinin gələcəyi qeyri-müəyyəndir. Oxucular hələ də müstəqil jurnalistikaya üstünlük verirlər, lakin onlardan yalnız üçdə biri buna pul ödəməyə hazırdır.