12 fevral 2025 11:44
84

Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında iştirak edib.

Bu barədə "İki sahil"ə İnstitutdan məlumat verilib. Bildirilib ki, laboratoriyanın yüksəkixtisaslı mütəxəssisləri yemlərdə xam protein, yağ, sellüloz, xlorid turşusunda həll olmayan kül, xam kül və nəmliyin təyini və baytarlıq preparatlarında sterilliyin təyini üzrə aparılan səriştəlilik sınaqlarında uğurlu nəticələr göstərib.

Kompleks Tədqiqatlar Laboratoriyası bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standards” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr nümayiş etdirib.

Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitkilər üçün pestisid və gübrələrin, eyni zamanda, qida ilə təmasda olan bütün maddə və materialların tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Laboratoriyada qabaqcıl texnologiyalar tətbiq olunur, kadrlar mütəmadi olaraq təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edirlər.