Məktəbdənkənar fəaliyyətlərin inkişafı gənclərimizin gələcəyinə qoyulan ən mühüm investisiyadır.
“İki sahil” xəbər verir ki, bu fikirləri “Məktəbdənkənar təhsil: çağırışlar və pespektivlər” mövzusunda keçirilmiş konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib.
“Tədbirimiz yalnız məktəbdənkənar təhsil sahəsinin mövcud vəziyyətini qiymətləndirmək deyil, həm də bu sahənin gələcəyini qurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin gənc nəsli bizim ən qiymətli sərvətimizdir və onların hərtərəfli inkişafını təmin etmək, müasir dövrün tələblərinə cavab verən təhsil imkanları yaratmaq əsas hədəfimizdir.
Ötən tədris ilində məktəbdənkənar fəaliyyətlərdə təhsilalanların geniş iştirakı bizi çox sevindirir və onların bu sahələrə olan marağının göstəricisidir. Belə ki, idman yarışlarında 1 milyondan çox, yaradıcılıq tədbirlərində isə 66 min 500-dən çox təhsilalan iştirak edib. Bu rəqəmlər təsadüfi deyil, gənclərimizin potensialını, enerjisini və özünü ifadə etmək istəklərini açıq şəkildə əks etdirir”, - deyə agentliyin direktoru bildirib.