12 fevral 2025 13:04
96

FHN “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən hotellərdən birində “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

“İki sahil” xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd hotelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən hotel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, hotellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.