İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub. Bu hadisə Azərbaycan və Pakistan arasında ikitərəfli əlaqələrin, investisiya və biznes fəaliyyətinin artırılmasında mühüm mərhələdir.
“İki sahil” xəbər verir ki, açılış mərasimində Pakistanın investisiya, özəlləşdirmə və kommunikasiyalar üzrə federal naziri Abdul Alim Xan və Azərbaycan Respublikasının səfiri Xəzər Fərhadov iştirak ediblər.
Xəzər Fərhadov çıxışı zamanı iki ölkənin əməkdaşlığının genişləndirilməsi istiqamətində uğurlu addımlar atdığını vurğulayaraq, Ticarət Palatasının Azərbaycan və Pakistan arasında mövcud olan 2 milyard dollarlıq biznes həcmini daha da artıracağına əminliyini ifadə edib.
Federal nazir Abdul Alim Xan birgə Ticarət Palatasının yaradılması ilə investisiya məsələlərinin vahid platformada həll olunacağını vurğulayaraq, ölkələr arasında ikitərəfli əməkdaşlığın daha da güclənəcəyini bildirib.
Abdul Alim Xan davamlı inkişafın strateji əlaqələr və əməkdaşlıqdan asılı olduğunu qeyd edərək, ticarət və innovasiyaların yeni dövrünün başlayacağını söyləyib. O, Pakistanın Azərbaycanın işgüzar dairələrinə hər cür dəstək göstərəcəyini və bu səylərdə əsas rol oynayan Palatanın Pakistan məhsullarının ixracını artırmaq təşəbbüsləri üzərində birgə çalışacağını əmin edib.
Mərasimdə Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Atif İkram Şeyx və Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının sədri Əhsən Zəfər Bəxtavari də çıxış ediblər. Onlar Palatanın yaradılmasının əhəmiyyətindən danışıblar.