12 fevral 2025 21:33
200

Qeyri-neft-qaz məhsulları: İXRACDA LİDER MƏHSULLAR HANSILARDIR?

Ekspert: İxracda yeyinti və aqrar məhsulların  payının artması qeyri-neft sektorunun inkişafı deməkdir

İnvestisiyaların cəlbi, azad rəqabət mühitinin təmin edilməsini, bazar və insan kapitalının inkişafını, Azərbaycanın dünya iqtisadiyyatında öz mövqeyini gücləndirməsini və yüksək gəlirli ölkələr qrupuna daxil olmasını şərtləndirir. Ölkənin iqtisadiyyatı inkişaf etdikcə idxal-ixrac strukturu da zənginləşir. Son illərin statistikasına nəzər saldıqda aydın görmək mümkündür ki, xaricə ixrac edilən əhəmiyyətli məhsulların sayı artıb.

Xarici iqtisadi münasibətlərin inkişaf etdirilməsi, ticari əlaqələrin beynəlxalq miqyasının artırılması üçün əsas şərtdir. Azərbaycanın Avropa və Asiyanın kəsişdiyi çox uyğun bir coğrafi mövqeydə yerləşməsi onun bu siyasətinin daha uğurlu olmasına zəmin yaradır. Artıq dünya bazarında Azərbaycanda istehsal edilən mallara böyük maraq yaranıb. Hazırda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın bir çox ölkələri ilə ticarət əməliyyatları aparırlar.

Son illərdə özünü dünya miqyasında etibarlı tərəfdaş kimi təsdiqləyən Azərbaycanın neft və qeyri-neft məhsulları üzrə xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi ilə yanaşı, idxal-ixrac əməliyyatlarının coğrafiyasının genişlənməsi də diqqətəlayiq məqamdır. Bu, ölkəmizə, milli iqtisadiyyatımızda “Made in Azerbaijan” brendi ilə buraxılan məhsullara inamın artmasının ifadəsidir.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci, daha sonra “SOCAR Polymer”...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2024-cü ilin yekunlarına dair hesabatına əsasən, Azərbaycanın qeyri-neft-qaz ixracı artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub. Ötən il ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4% artaraq 38,5 milyon, pambıq lifi 45,2% artaraq 178,2 milyon, bitki mənşəli yağlar və piylər 32,8% artaraq 28,9 milyon, qiymətli metallar 29,2% artaraq 215,3 milyon, kimya sənayesi məhsulları 18,3% artaraq 293,7 milyon, spirtli və spirtsiz içkilər 14,3% artaraq 68,8 milyon, çay 1,6% artaraq 6 milyon, qara metallar 1,9% artaraq 48,2 milyon, alüminium və ondan hazırlanan məmulatlar 1% artaraq 197,2 milyon ABŞ dolları təşkil edib.

Hesabata əsasən, 2024-cü ilin yanvar-dekabr ayları ərzində Rusiyaya 1.2 milyard, Türkiyəyə 542,3 milyon, Gürcüstana 272,4 milyon,  İsveçrəyə 220,4 milyon, Amerika Birləşmiş Ştatlarına isə 134,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan müəssisələrin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC yer alıblar.

Qızıl birinci, pambıq mahlıcı ikinci...

İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı “İki sahil”ə bildirib ki,  ötən ilin yanvar-dekabr ayları ərzində aqrar məhsulların ixracı 2,8%, aqrar-sənaye məhsullarının ixracı isə 57,3% artıb: “Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1% artaraq 1,11 milyard ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar-dekabr aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında 211,8 milyon dollarlıq ixracla qızıl birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci, tomat üçüncü yerdə qərarlaşıb.”

2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib. Yanvar ayında yeyinti məhsullarının ixracı 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub. Ötən ayda aqrar məhsulların ixracı 10,4% artaraq 64,8 milyon, aqrar-sənaye məhsulları 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon olub. Cari ilin birinci ayında ixracda qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.

İlkin göstəricilər pozitivdir

X.Kərimli İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci ilin yanvar ayı üzrə hazırladığı hesabatda ölkənin qeyri-neft sektoru üzrə ixracının ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox artımın müşahidə olunmasını yüksək qiymətləndirərək bu trendin davamlı olacağına ümid edib: “İxracda yeyinti və aqrar məhsulların  payının artması qeyri-neft-qaz sektorunun inkişafı deməkdir. Ölkə iqtisadiyyatının əsas prioriteti qeyri-neft sektorudur. Bu sektorun inkişafının əsas istiqaməti qeyri-neft-qaz məhsullarının ixracının artırılmasıdır. Daxili bazara yönələrək qeyri-neft sektorunun inkişafı məhdud və kiçik həcmli ola bilər. Bu baxımdan 2025-ci ilin yanvar ayı üzrə qeyri-neft məhsullarının ixracı barədə olan ilkin göstəriciləri çox pozitivdir. Ümid edirəm ki, bu göstərici, artım tendensiyası dayanıqlı davam edəcək.”

Orxan Vahidoğlu, “İki sahil”