13 fevral 2025 23:16
85

Ölümsüzlüyə qovuşan qəhrəman ömrü

44 günlük haqq savaşımızda minlərlə  qeyrətli oğlumuz   doğma Azərbaycanın  müqəddəsliyinə tapınaraq onun bütövlüyü uğrunda canını fəda etdilər.  Vətənə qarşı sonsuz sevgisini ağır müharibə meydanında son damla qanına qədər bildirən belə qəhrəmanlardan biri Cəlilabad rayonu, Musalı kəndində boya-başa çatan gizir   Elşən Əfqan oğlu Niftullayevdir. O, 21 yaşında şərəfli ölümü ilə gələcək  nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb getdi. Özü cismən aramızda olmasa da, öz adında Vətəninə, dövlətinə, xalqına məhəbbət hissi yaşatmaqla zaman-zaman milyonlarla insanın yaddaşından silinməz və həmişə  İkinci  Qarabağ savaşın qəhrəman ərənlərinin  sırasında  xatırlanar.

Fədakarlıq, mərdlik uşaq yaşlarından taleyinə yazılan, vətənpərvərliyi ilahi bir sevgidən yaranan  Elşən  Niftullayev  orta məktəbi qurtarıb müstəqil həyata qədəm qoyanda gözəl mənəvi keyfiyyətləri ona dərin ehtiram gətirir.  Ömrünü halallıqla  bağlayan gənc oğlan öz xoşbəxtliyini  xalqına, Vətəninə gərək olmaqda görür. Olduqca qeyrətli, vicdanlı oğul olaraq erməni dığaların əzəli yurd yerimiz Qarabağın işğalına çox narahat olur. Ordu sıralarına xidmətə də düşməndən qisas almaq üçün gedir. Cəbhə  bölgəsində Vətənin keşiyində duran Elşən  nizam-intizamı ilə seçilir, komandirlərin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirir.  Yağı düşməndən qisas alacağı günə mükəmməl hazırlaşır. ..

İkinci Qarabağ  müharibəsi başlanan kimi Elşən Niftullayev 30 il əsarətdə olan Vətən torpaqların azadlığı naminə  silaha sarılıb bir başa səngərə məkrli düşmənlə vuruşa  girir. Onun yüksək döyüş məharəti, qəhrəmanlığı ölüm-dirim savaşlarda   düşmənin həm canlı qüvvəsinə, həm də texnikasına böyük tələfat verir.  Döyüşlərdən birində yaralansa da, silahını  yerə qoymur, düşmənə qarşı daha nifrətlə vuruşur. Suqovuşanın azadlığı uğrunda gedən ağır savaşda igid döyüşçü  sözün əsl mənasında dığalara qan uddurur.  Oktyabrın 10-da Ağdərə istiqamətində  gedən müharibədə isə gizir  Elşən son damla qanına qədər döyüşüb şəhadətə yüksəlir...

Bəli, Elşən Niftullayev bu işıqlı dünyada  az yaşadı, amma layiqli bir övlad kimi Vətən qarşısında borcunu şərəfli verdi. O, bununla ölümsüzlüyə qovuşaraq adı Azərbaycanın yeni, şanlı tarixinə düşdü. Dövlət tərəfindən isə Vətənin yaşaması  naminə göstərdiyi qəhrəmanlığı  "Vətən uğrunda" , “Cəsur döyüşçü” və   "Suqovuşanın azad olunmasına görə" medalları  ilə təltif edildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü