Qazaxıstan beynəlxalq təşəbbüslər çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə, məlumat mübadiləsinin ikitərəfli mexanizmlərini təkmilləşdirməyə və vergi məlumat mübadiləsinin daha da möhkəmləndirilməsi üçün vergi inzibatçılığının rəqəmsallaşdırılmasını gücləndirməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Respublikasının maliyyə nazirliyinin dövlət gəlirləri komitəsinin sədr müavini Kayrat Cumaqulov Trend-ə müsahibədə bildirib.
Onun sözlərinə görə, bu gün Qazaxıstan və Azərbaycan arasında vergi və maliyyə sahələrində əməkdaşlıq aktiv şəkildə inkişaf edir və həm ikitərəfli, həm də çoxtərəfli mexanizmlər şəklində həyata keçirilir. Bu əməkdaşlığın əsas alətlərindən biri ikili vergitutumunun qarşısının alınması ilə bağlı ölkələr arasında bağlanmış konvensiyadır. .
“Bu konvensiya şəffaf vergi mühitinin yaradılmasında və hər iki ölkənin biznesi və vətəndaşları üçün ikili vergi tutumunun aradan qaldırılmasında önəmli rol oynayır”, - deyə o bildirib.
Qazaxıstan və Azərbaycan Vergi Xidməti Rəhbərlərinin Əlaqələndirmə Şurası çərçivəsində aktiv şəkildə əməkdaşlıq edir ki, bu da öz növbəsində təcrübə və ən yaxşı praktikaların mübadiləsinə və vergi inzibatçılığının mükəmməlləşdirilməsinə imkan verir.
“Biz eyni zamanda vergi şəffaflığı üzrə beynəlxalq təşəbbüslərdə, o cümlədən, CRS (Common Reporting Standard) üzrə avtomatik maliyyə məlumatları mübadiləsində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumunun tələblərinə uyğun olaraq Soğru əsasında məlumat mübadiləsində (EOIR) iştirak edirik”, -deyə Cumaqulov bildirib.
Kayrat Cumaqulov Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında əməkdaşlığın potensialına xüsusi diqqət ayırıb.
“Bizim xalqların tarixi və mədəni köklərində ortaq cəhətlərin olmasını nəzərə alsaq, bu potensial yüksəkdir. Bu isə daha dərin qarşılıqlı anlaşmaya, qarşılıqlı etibarın möhkəmlənməsinə və təkcə iqtisadi yox, həm də mədəni sahədə əməkdaşlığın qurulmasına yol açır”, - deyə o bildirib.
Bundan başqa, Qazaxıstan və Azərbaycan Asiya və Avropa arasında ticarətdə vacib zəncir sayılan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında həlledici rol oynayırlar.
“Bu əməkdaşlıq hər iki ölkəyə tranzit imkanlardan yararlanmağa , eyni zamanda, xüsusilə enerji resurslarının daşınması və emalı sahələrində enerji əməkdaşlığını inkişaf etdirməyə imkan verir”, - deyə Cumaqulov bildirib.
Cumaqulov beynəlxalq arenada ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
“Bakıda keçirilən Gömrük Xidməti Rəhbərlərinin 10-cu Görüşündə bır sıra sənədlərin, o cümlədən, eTIR prosedurunun tətbiqi ilə bağlı yol xəritəsinin imzalanması gömrük prosedurlarının sadələşdirilməsi və ölkələrimiz arasında məlumat mübadiləsinin mükəməlləşdirilməsi istiqamətində atılmış vacib addımdır”, -deyə sədr müavini qeyd edib.
Cumaqulov bir neçə vacib istiqamətlərdə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olmasını xüsusi olaraq qeyd edib.
“İlk növbədə, bu, avtomatik məlumat mübadiləsinin genişləndirilməsidir. Common Reporting Standard (CRS) kimi yeni texnologiyaların tətbiqi bizə vergi ödəyicilərinin maliyyə hesabları üzrə məlumatları operativ şəkildə mübadilə etməyimizə imkan yaradacaq. Bu isə, öz növbəsində şəffaflığı artıracaq və vergidən yayınma hallarını əhəmiyyətli dərəcədə azaltmış olacaq”.
O, eyni zamanda, vergi inzibatçılığının rəqəmsallaşdırılması üzrə birgə layihələrin əhəmiyyətindən də söz açıb.
“Biz Qazaxıstanda effektivliyini sübut etmiş rəqəmsal platformaların və alətlərin tətbiqi təcrübəsini bölüşməyə və Azərbaycanın ən yaxşı təcrübələrini öyrənməyə hazırıq. Bu sahədə birgə iş vergi proseslərinin idarə edilməsində yüksək standartlara daha tez nail olmağımıza imkan verəcək”, – deyə əlavə edib.
Təlim və təcrübə mübadiləsi də ikitərəfli əməkdaşlığın inkişafında mühüm amillərdən biridir.
“Vergi orqanlarının mütəxəssisləri arasında müntəzəm seminarlar, təlimlər və işgüzar görüşlər kadrların ixtisas səviyyəsinin artırılmasına və inzibatçılıq keyfiyyətinin yüksəldilməsinə kömək edəcək”.
Bundan əlavə, onun bildirdiyinə görə, hüquqi bazanın təkmilləşdirilməsi əsas məsələlərdən biridir.
“Biz vergi qanunvericiliyinin uyğunlaşdırılması istiqamətində birgə işləməyə hazırıq. Bu, mümkün boşluqları aradan qaldırmağa və biznes üçün əlverişli şərait yaratmağa imkan verəcək”.
Cumaqulov qeyd edib ki, iki ölkə arasında əsas sahələrdə birgə layihələrin inkişafı üçün əhəmiyyətli potensial mövcuddur.
“İlk növbədə, bu, enerji sahəsinə aiddir. Biz neft və qazın daşınması üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kimi nəqliyyat dəhlizlərindən istifadənin mümkünlüyünü nəzərdən keçiririk. Bu, təkcə onun tədarükünü şaxələndirməyəcək, eyni zamanda, logistikanın yaxşılaşmasına kömək olacaq ki, bu da enerji təhlükəsizliyi səviyyəsinin qaldırılması üçün zəruridir”.
O, həmçinin, bərpaolunan enerjinin inkişafının vacibliyinə toxunub.
“Günəş və külək elektrik stansiyalarının yaradılmasına böyük diqqət ayrılır ki, bu, onun təmiz enerji mənbələrinə keçid üzrə qlobal tendensiyalara cavab verir”.
Nəqliyyat və logistikaya gəlincə, Cumaqulov qeyd edib ki, infrastrukturun müasirləşdirilməsi və inteqrasiya olunmuş sistemlərin inkişafı logistik məsrəflərin azaldılmasına və nəqliyyat axınlarının sürətlənməsinə imkan verəcək. Bu isə Mərkəzi Asiyanın, Qafqazın və Avropanın iqtisadi inteqrasiyasını gücləndirəcək.
Onun sözlərinə görə, aqrosənaye kompleksi sahəsində əməkdaşlığın da əhəmiyyətli potensialı var.
“Biz aqrotexnologiyaları bölüşə və birgə emal potensialını inkişaf etdirə bilərik. Bu, istehsal kefiyyətinin artımını təmin edəcək və ərzaq təhlükəsizliyini möhkəmləndirəcək”.
“İnnovasiyalar və yüksək texnologiyalar sahəsi əməkdaşlıq üçün vacib istiqamətlərdəndir. İqtisadiyyatın rəqəmsallaşdırılması, kibertəhlükəsizlik və texnoloji klasterlərin yaradılması üzrə birgə səylər texnoloji irəliləyişin sürətlənməsinə və əlavə investisiyaların cəlb olunmasına təkan verəcək”, - deyə Cumaqulov vurğulayıb.