14 fevral 2025 23:43
133

İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı

Prezident İlham Əliyevin bu ilin 20 yanvar tarixində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi Azərbaycanın çoxşaxəli xarici siyasətinin uğurlarının aydın mənzərəsini yaratdı. Yeni əməkdaşlıq formatlarının yaradılmasının müəllifi kimi nüfuz qazanan Azərbaycanın atdığı addımlar, göstərdiyi səylər bir daha diqqətə çatdırıldı. Reallıq budur ki, ölkəmiz çoxtərəfliliyin tərəfdarıdır. Bunun təsdiqi kimi ötən ilin noyabr ayında dünyanı Bakıya toplayan COP29 iqlim konfransını qeyd edə bilərik. Bakı nailliyyəti çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev  qeyd edilən müsahibəsində də  bu tədbirin uğurlu nəticələrindən, qarşıya qoyulan hədəflərdən geniş bəhs etdi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi. Azərbaycan bundan əvvəl 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etdi. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. COP29-da ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Cənab İlham Əliyev müsahibəsində qeyd etdi ki,  COP29-a ev sahibliyi edən ölkə kimi gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir. Əslində, iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük: “Hamımız bundan əziyyət çəkirik, o cümlədən Azərbaycan. Lakin elə ölkələr var ki, - xüsusilə kiçik ada dövlətləri, - onların mövcudluğuna təhlükə var. Bəzən onların məsələsi gündəliyə daxil olmur, biz isə bunu etdik.

Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir”.

Dövlətimizin başçısı İlham Əliyev ikitərəfli əməkdaşlıq çərçivəsində  Çinlə,  eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq,  Türkiyə, Özbəkistan  ilə müttəfiqlik bəyannaməsinin  imzalanmasından da danışdı. Vurğuladı ki, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir: “Mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.

Azərbaycan özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq oldu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar, bütün bunlar Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri