Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan tədbirdə əvvəlcə yarışda iştirak edən 36 ölkənin bayrağı tamaşaçılara təqdim olunub.
Sonra Azərbaycan cüdoçularının ötən il əldə etdikləri nailiyyətləri əks etdirən videoçarx nümayiş edilib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakının belə mötəbər turnirə ev sahibliyi etməsinin ölkə idmanının inkişafı baxımından əhəmiyyətindən bəhs edib. O, Azərbaycan cüdoçularının "Paris-2024" Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazandığını xatırladıb. Federasiya rəhbəri milli komandanın üzvlərinin bu turnirdə də ümidləri doğruldacaqlarına inandığını bildirib. R.Nəbiyev yarışın təşkilində dəstəyinə görə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerə təşəkkür edib.
M.Vizer Paris Olimpiadasında qazanılan uğurlara görə Azərbaycanı təbrik edib. "Böyük Dəbilqə"də iştirak edən bütün idmançılara uğurlar arzulayan İJF rəhbəri turniri açıq elan edib.
Azərbaycan Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirildikdən sonra final görüşləri start götürüb.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparır.