17 fevral 2025 17:14
191

Vaxt və əməliyyat xərclərinin azalması, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır - Orxan Məmmədov

Sahibkarlara operativ və keyfiyyətli xidmətlərin göstərilməsində infrastruktur şəbəkəsi önəmlidir. Belə infrastruktur şəbəkələri arasında KOBİA-nın strukturunda fəaliyyət göstərən KOB evlərini, KOB dostu ofislərini və KOB inkişaf mərkəzlərini xüsusilə qeyd etmək istərdim. Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında önəmli paya malik olan KOB evləri hazırda Bakı, Yevlax və Xaçmaz şəhərlərində fəaliyyət göstərir. Bu şəhərlərdə ümumilikdə 3 KOB evi və Xudat şəhərində “Xaçmaz KOB evi”nin xidmət mərkəzi yerləşir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər təqdim olunur. KOB evlərində sahibkar bir məkana gələrək lazım olan bütün xidmətlərdən yararlanır. Nəticədə sahibkarın hər hansı xidmət üçün sərf etdiyi vaxt və əməliyyat xərcləri azalır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır.

Bu fikirləri “İki sahil”ə müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O, qeyd edib ki, KOB evlərinin digər üstünlükləri “G2B” və “B2B” xidmətlərinin bir məkanda göstərilməsi və xidmət keyfiyyətinin ölçüləbilən olmasıdır. KOB evlərində biznesin planlaşdırılması, biznesə başlamaq, biznesin qeydiyyatı və biznesin inkişafı üzrə sahibkarlara qeydiyyat, lisenziya, icazə və digər sənədlərin alınması, vergi, gömrük məsələləri, kommunal xidmətlərə qoşulmaq, biznes planın hazırlanmasına dəstək, güzəştli maliyyə vəsaitlərinə çıxış, bank, sığorta, notarius və digər xidmətlər göstərilir. KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarların sayında müsbət dinamika müşahidə edilir. Sahibkarlara KOB evlərində 2023-cü ildə 371 mindən çox, 2024-cü ildə isə 450 mindən artıq xidmət göstərilib. Bu, sahibkarların KOB evlərində xidmət almaqdan məmnun olduğunu, vahid məkanda xidmətlərin göstərilməsinə maraqlarını göstərir.

Azərbaycanın KOB evi modeli xarici ölkələrin də diqqət mərkəzindədir. Təkcə 2024-cü ildə 20-yə yaxın ölkənin nümayəndə heyəti və 10-dan çox beynəlxalq təşkilatın təmsilçisi KOB evi modeli ilə yerində tanış olmaq üçün “Bakı KOB evi”ndə olub. KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə bu yaxınlarda KOBİA və Qazaxıstan Respublikasının Beynəlxalq Sahibkarlar Birliyi “KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, KOBİA Qazaxıstanda KOB evinin yaradılması və idarə edilməsi sahəsində təcrübəsini təşkilat ilə bölüşəcək.

Orxan Məmmədovla tam müsahibəni buradan oxuya bilərsiniz.

Orxan Vahidoğlu, “İki sahil”