19 fevral 2025 00:58
210

Geosiyasi dəyişikliklər nələr vəd edir? - MÜSAHİBƏ

Regionda geosiyasi dinamikanın sürətlə dəyişdiyi bir dövrdə Ermənistanın xarici siyasət kursu, beynəlxalq konfransların təhlükəsizlik məsələlərinə təsiri, eləcə də Azərbaycanın ekoloji ədalətin bərpası istiqamətində atdığı hüquqi addımlar diqqət mərkəzindədir.

Bu kontekstdə regional təhlükəsizlik, sülh prosesi və beynəlxalq münasibətlərə təsir edən mühüm məqamlara Milli Məclisin deputatı Pərvanə Vəliyeva İki sahil.TV-yə müsahibəsində aydınlıq gətirdi.

- Pərvanə xanım, Paşinyanın Fransaya səfərini “hesabat səfəri” kimi dəyərləndirmək nə dərəcədə əsaslıdır? Sizcə, bu səfər hansı geosiyasi məqsədlərə xidmət edir?

- Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfərini “hesabat səfəri” kimi dəyərləndirmək müəyyən mənada əsaslıdır. Paşinyan  ABŞ və Fransaya etdiyi son səfərlərlə Ermənistanın mövcud geosiyasi vəziyyətdə özünə yeni müttəfiqlər və dəstəkçilər axtardığını göstərir. Bu səfərlər Ermənistanın daxili siyasətindəki gərginliklər və ictimai dəstəyin azalması fonunda, Paşinyanın xarici dəstək axtarışlarının bir göstəricisidir. Fransanın Ermənistanın beynəlxalq mövqeyini müdafiə etməsi isə Cənubi Qafqazda sülh prosesinə mənfi təsir göstərə bilər. Fransa Ermənistanı silahlandırmaqla və siyasi dəstək verməklə regionda gərginliyin artmasına səbəb olur və sülh prosesini çətinləşdirir. Bu cür addımlar Ermənistanı konstruktiv danışıqlardan uzaqlaşdıraraq onu daha da cəsarətləndirir və regionda sabitliyin təmin olunmasına mane olur. Ümumiyyətlə, Ermənistanın xarici siyasətindəki bu cür manevrlərə Fransanın birtərəfli dəstəyi Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün ciddi əngəllər yaradır.

- 61-ci Münxen Təhlükəsizlik Konfransında qlobal təhlükəsizlik problemləri müzakirə edildi. Konfransın nəticələri bölgəmizin təhlükəsizliyinə hansı təsiri göstərə bilər?

- Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysenq bəyan edib ki, tədbirə ABŞ Konqresindən və Senatından çoxsaylı nümayəndələr qatılıblar. Lakin Prezident Donald Tramp qlobal xarakter daşıyan bu beynəlxalq tədbirdə iştirak etməyib. Münxen Təhlükəsizlik Konfransı qeyri-rəsmi xarakter daşıyır və burada heç bir qərar qəbul edilmir. Sadəcə olaraq, qlobal problemlər müzakirə mövzusu olur və çıxış yolları axtarılır. ABŞ Prezidenti isə real siyasətə daha çox üstünlük verən dövlət xadimi olduğu üçün bu tədbirə qatılmaq istəməyib. ABŞ-ın vitse-prezidenti Cey di Vens  çıxışında Avropada demokratiya və ifadə azadlığının məhdudlaşdırılmasından narahatlığını ifadə edib, bunun Rusiyadan və Çindən gələn xarici təhlükələrdən daha ciddi təhdid olduğunu vurğulayıb. Avropa Komissiyasının sosial media ilə bağlı addımlarına xüsusi toxunan C.Vens bu tədbirlərin ifadə azadlığına zərbə vurduğunu deyib. 

“Çoxqütblülük” hesabatının analitikləri hesab edirlər ki, ABŞ Prezidentinin  konfransa qatılmaması onun Avroatlantik İttifaqının dəyərlərinə bəslədiyi mənfi münasibətin göstəricisidir. Uzun illər boyu Azərbaycan ərazisi işğal altına qaldı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum edildi. Qarabağda evlər, infrastruktur, tarixi abidələr, məzarlıqlar dağıdıldı, insanlar olmazın zülmünə məruz qaldılar, Xocalı faciəsi ermənilər tərəfindən törədildi. Bütün bunlara Qərb dövlətləri biganə qalaraq deklorativ xarakter daşıyan bəyanatlarla kifayətləndilər. Lakin Azərbaycan iqtisadi islahatlarla, dünya siyasətinə və iqtisadiyyatına inteqrasiya yolunu tutaraq, inkişaf edərək torpaqlarını azad etdiyi vaxt Qərbin yadına “demokratiya” və “insan hüquqları” düşdü. Məhz bu kimi destruktiv siyasətin nəticəsidir ki, bu gün ABŞ-ın yeni Prezidenti Avropanın təhlükəsizliyini təmin edilməsinin əvəzini istəyir.

- Pərvanə xanım, sizcə, Azərbaycanın Haaqada təqdim etdiyi iddia sənədinin uğurlu nəticələnməsi regionda sülhün təmin olunması prosesinə necə təsir edə bilər?

- Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını qeyd edərək, işğal olunmuş ərazilərdə mədənçiliyin "suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə" səbəb olduğunu sənədləşdirib.

Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çaylar olan Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. Təəssüf ki, ən böyük şirin su ehtiyatlarından biri olan Araz çayının və digər transsərhəd çayların illərdir Ermənistan tərəfindən çirkləndirilməsi baş verir. Bu eko-terroru dayandırmaq lazımdır, çünki region əhalisinin sağlamlığı, ekosistem ciddi zərər görür. Oxçuçay, Həkəri çayı, Bərgüşad çayı kimi transsərhəd çayların Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin zəhərli və radiaktiv tullantılarla çirkləndirilməsi ictimai səhiyyə üçün təhdid olmaqla yanaşı, yoluxucu xəstəliklərin artmasına səbəb olur, biomüxtəlifliyi məhv edir, torpaq örtüyünün aşınmasına gətirib çıxarır. Bununla Ermənistan BMT-nin Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyanın və Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi üzrə “Espoo” Konvensiyasının tələblərini pozur. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan 30 il ərzində işğala məruz qalmış, işğal dövründə azərbaycanlı mülki vətəndaşlar mina terroruna tuş gəlmiş, Vətən müharibəsindən sonra belə 400-dən çox insan mina partlayışının qurbanı olmuşdur. Mina terroru ətraf mühitə və biomüxtəlifliyə də ciddi ziyan vurur. Belə ki, regionda yaşayan nəsli kəsilməkdə olan heyvanlar da minanın yaratdığı fəsadlar nəticəsində məhv olur. Ermənistan isə dəqiq mina xəritələrini təqdim etməməklə, səmimi sülh niyyətini nümayiş etdirmir. Bu davranış müharibənin real nəticələrinin hələ də davam etdiyini və Ermənistanın məsuliyyətdən qaçmaq istədiyini göstərir. Ermənistan, Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə və 1 milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətində saxlamasına baxmayaraq, üzr istəmək və kompensasiya ödəmək əvəzinə, əksinə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, xalqımıza qarşı törətdiyi cinayətlərə görə üzr istəyərdi. Əsl sülhə nail olmaq istəyən dövlət, bağışlanma yolu ilə əlaqələri normallaşdırmağa çalışardı.

Suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. İşğala son qoyulandan sonra məlum oldu ki, şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri, hətta qəbirlər yerlə-yeksan edilmişdir. Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub. Ümumilikdə isə işğal nəticəsində dəymiş maddi ziyanın həcmi təqribən 200 milyard ABŞ dollarına yaxındır. Hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi bu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranması sadəcə bir seçim deyil,  onun üzərinə düşən öhdəlikdir. Əgər o, mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa bunun nəticəsində vurduğu zərərin qarşılığını ödəməlidir. Başqa cür desək, beynəlxalq hüquqi nizam dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməlidir. Ermənistanın Azərbaycana hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır. Bu, Ermənistanın beynəlxalq məsuliyyətini təsdiqləyir, onun beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni vəziyyət yaratdığını və bu vəziyyətin doğurduğu nəticələrə görə məsuliyyət daşıdığını göstərir. Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

Şəmsiyyə Əliqızı,
Səbinə Kazımova, “İki sahil”