Bu təxribatçı qurum Azərbaycana qarşı qarayaxma kampaniyası aparan media orqanlarına bir ildə onmilyonlarla dollar vəsait ayırıb
ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri İlon Maskın “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırdığı USAID-in böyük maliyyə vəsaitləri ayıraraq “humanitar yardım” və “demokratik inkişafa dəstək” adı altında həyata keçirdiyi cinayətkar “layihələr”in qaranlıq məqamları getdikcə üzə çıxır. Bu günlərdə Ağ Ev-in USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi bədnam biabırçı layihələr haqqında məlumat yayması bunun bariz göstəricisidir.
Aparılan araşdırmalar qalmaqallı USAID-lə bağlı yeni ifşaedici faktları üzə çıxarır. Aydın olur ki, USAID-in dünya üzrə maliyyələşdirdiyi nüfuzlu media orqanlarına – “The New York Times” (2024-cü ildə 3,1 mln.dollar ayrılıb), “Politico” (8 mln. dollar), “Associated Press” (19 mln.dollar), “BBC” (2,6 mln.funt), “Reuters” (9 mln.dollar), “Frans-Press” (447 min dollar) nəşrlərinə böyük həcmdə vəsaitlər ayrılıb. Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist maliyyələşdirilib. Yeri gəlmişkən, bir neçə gün əvvəl ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb.
Bir məsələni xüsusi ilə vurğulamaq lazımdır ki, həmin media orqanlarının əksəriyyəti zaman-zaman Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb. Məkrli planlarını işə salan bədnam mərkəzlərin nəzarətində olan bu qurumun maliyyələşdirdiyi məlum mətbuat orqanlarında ölkəmizdə insan haqlarının qorunması ilə bağlı reallığı əks etdirməyən, əsassız ittihamlar və iddialarla dolu məqalələrin dərc edilməsinin heç də təsadüfi olmadığı bir daha ortaya çıxır.
Həqiqət odur ki, USAID dünya mediasında Azərbaycana qarşı gedən kampaniyada xüsusi rol oynayıb. Məsələn, ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasına görə “Politico” və “BBC” dünya üzrə 707 media qurumu, 6200 jurnalist və jurnalistika sahəsində fəaliyyət göstərən 279 qeyri-hökumət təşkilatını maliyyələşdirən USAID-dən ciddi maliyyə dəstəyi alıb. Bu təxribatçı təşkilat 2014-cü ildə Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə-2,4 milyon dollar məbləğində qrant ayırıb və onları özlərinin təsir agentlərinə ötürüb. Aparılan araşdırmalar sübut edir ki, “Abzas Media”nın, “Meydan TV”nin, “Toplum TV”nin Qərbin şəbəkəsinə daxil olan əməkdaşları və digərləri təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yanaşı, USAID-lə də yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər.
Son məlumatlardan Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin İkinci Qarabağ müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyaların arxasında kimin durduğu aydın görünür. USAID qeyri-şəffaflıq, qapalılıq nümayiş etdirərək uzun illərdən bəri ölkəmizdə siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyasının və Samanta Pauerin rəhbərliyi dövrünün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı zaman olacağına şübhə yeri qalmır. USAID-in rəhbəri Samanta Pauerlə erməni əsilli milyarder və Qarabağ separatçılarının rəhbərlərindən biri olan Ruben Vardanyan arasında yaxın və səmimi dostluq münasibətlərinin olduğu da hamıya bəllidir. İndi aydın olur ki, nədən bu təşkilatın maliyyələşdirdiyi media orqanlarından olan BBC R.Vardanyanı davamlı olraq müdafdiə edib.
Artıq təkzibolumaz dəlillərlə sübut olunub ki, USAID “Əl-Qaidə” başda olmaqla bir sıra terror təşkilatlarını maliyyələşdirib. Hətta terror təşkilatlarının rəhbərliyinə gətiriləcək şəxslərin təhsil haqqnı da ödəyib. Ekspertlərin bildirdiyinə görə, Livanda “Hizbullah”ın silah anbarında üzərində USAID loqoları olan qutuların aşkarlanması, “Əl-Qaidə” terror təşkilatının lideri Ənvər əl-Avlakinin Koloradodakı kollecdə oxuması üçün USAID-in maliyyə vəsaiti ayırması və s. bu təxribatçı qurumun terror təşkilatları, qatı terrorçularla yaxın əlaqədə olmasını bir daha təsdiq edir.
Bir məsələni xüsusilə qeyd etmək istərdik ki, Prezident İlham Əliyev hələ ötən ilin dekabrında rusiyalı telejurnalist, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində qeyd etmişdi ki, mənim fikrimcə, Donald Tramp USAID-i qadağan edə bilər. Birmənalı demək olar ki, dövlətimizin başçısının USAID kimi bədnam təşkilatla bağlı böyük uzaqgörənliklə söylədiyi fikirlər sözün həqiqi mənasında bu gün özünü təsdiqləyir.
Zahid Rza, “İki sahil”