19 fevral 2025 12:24
152

Məzahir Əfəndiyev şəhid Sadiq Vəliyevin doğum gününündə ailəsini ziyarət edib

Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfəri çərçivəsində Ağdaş rayon, Xosrov kəndinin Vətən Müharibəsi şəhidi Vəliyev Sadiq Ayaz oğlunun doğum gününündə şəhidin ailəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığı, ölkəmizin ərazi bütövlüyü və konstitusion suverenliyinin təmin olunduğu vurğulanıb.

Yaşasaydı Sadiqin 24 yaşı tamam olacaqdı. Şəhid Vəliyev Sadiq Ayaz oğlu 19 fevral 2001-ci il tarixində Ağdaş rayonunun Xosrov kəndində anadan olmuşdur.

2019-cu ildə aprel çağırışında həqiqi hərbi xidmətə yollanıb. 44 günlük İkinci Qarabağ – Vətən Müharibəsi başlayanda Sadiq hərbi xidmətini başa vurmuşdu, lakin ön cəbhəyə gedərək döyüşlərə qatılmış, qəhrəmanlıqla Suqovuşan, Füzuli, Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir.

Sadiq 3 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. 5 oktyabr 2020-ci il tarixində nəşi böyüyüb boya-başa catdığı Xosrov kənd qəbirsanlığında dəfn edilmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Sadiq ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.