Cari ilin yanvar ayında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 283,4 milyon ABŞ dolları olub.
“İki sahil” xəbər verir ki, Trend-in Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 223,4 milyon ABŞ dolları və ya 4,7 dəfə artıb. Belə ki, 2024-cü ilin yanvarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 60 milyon ABŞ dolları təşkil edib.
Ötən ay Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 228,3 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 225,8 milyon ABŞ dolları, yaxud da 92,6 dəfə çoxdur. 2024-cü ilin yanvarında Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 2,5 milyon ABŞ dolları idi.
Bəhs olunan dövrdə Almaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri 55,1 milyon ABŞ dollar təşkil edib ki, bu da, illik müqayisədə 2,5 milyon ABŞ dolları və ya 4,3% azdır. 2024-cü ilin yanvar ayında Almaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri 57,6 milyon ABŞ dollar olub.
Hesablamalardan aydın olur ki, yanvarda Azərbaycandan Almaniyaya ixrac edilən məhsulların dəyəri idxalı 173,2 milyon ABŞ dolları, yaxud da 4,1 dəfə üstələyir.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsinin həcmi 1,6 milyard ABŞ dolları təşkil edib. Bu ölkəyə ixracın həcmi 777 milyon ABŞ dolları, idxalın həcmi 825 milyon ABŞ dolları olub.