22 fevral 2025 14:07
126

Bakı limanında konteyner daşımalarında kəskin artım müşahidə olunub

Bakı Limanının inkişaf və dayanıqlılıq təşəbbüsləri Hamburq konfransında təqdim edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Limanı məlumat yayıb.

Belə ki, Hamburq Ticarət Palatasında keçirilən “Yeni marşrutlar, yeni bazarlar: Qlobal qapı və "Orta Dəhliz" boyunca potensial bazarlar” konfransında Bakı Limanının Baş Direktoru Taleh Ziyadov çıxış edərək limanın yük daşımaları, infrastrukturun genişləndirilməsi və dayanıqlılıq təşəbbüsləri sahəsində son nailiyyətlərini təqdim edib.

Məlumata görə, Taleh Ziyadov çıxışında bildirib ki, 2024-cü ilin yekunlarına əsasən Bakı Limanının ümumi yük dövriyyəsi 7,6 milyon ton təşkil edib və konteyner daşımalarında 73%-lik kəskin artım müşahidə olunub. Ötən il “Orta Dəhliz” çərçivəsində limandan 310 blok qatar keçib. 2025-ci ilin yanvar ayında isə artıq 40 blok qatar qəbul edilib. Bu göstəricilər Bakı Limanının intermodal daşımalardakı əsas mərkəz rolunu daha da gücləndirir.

Yük həcmlərinin davamlı artımı nəzərə alınaraq, Azərbaycan hökuməti tərəfindən Bakı Limanının illik yük dövriyyəsi gücünü yaxın illərdə 15 milyon tondan, 25 milyon tona, o cümlədən 500,000 TEU konteyner tutumuna qədər artırmağı nəzərdə tutan genişləndirmə planını açıqlayıb.

“Orta Dəhliz”də artan yük axınını qarşılamaq məqsədilə Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanının Ələt terminalında yeni İntermodal yük terminalının inşası üçün birgə müəssisə yaradıb. Bu terminal yük emalının səmərəliliyini artıracaq və “Orta Dəhliz”in qlobal ticarətdəki rolunu daha da möhkəmləndirəcək.

Dayanıqlılıq sahəsində Bakı Limanı COP29 çərçivəsində beynəlxalq yaşıl enerji şirkəti ilə birgə unikal bir bərpa olunan enerji layihəsinə start verib. Bu təşəbbüs çərçivəsində 5,4 MVt gücündə günəş fotoelektrik sistemi və ona inteqrasiya olunmuş Akkumulyator Enerji Saxlama Sistemi (BESS) qurulacaq. Bu sistem Azərbaycanda ilk dəfə tətbiq ediləcək və günəş enerjisinin səmərəli istifadəsini təmin edərək, Bakı Limanının 2035-ci ilə qədər sıfır emissiya hədəfinə çatmasına töhfə verəcək.

Konfransda “Orta Dəhliz”in Avropa-Asiya ticarətindəki strateji rolu və onun gələcək inkişaf potensialı göstərilməklə yanaşı, Bakı Limanının intermodal daşımaların mərkəzi və müasir infrastruktur imkanlarına malik vacib nəqliyyat qovşağı kimi əhəmiyyəti, bir daha ön plana çıxarılıb.