22 fevral 2025 16:38
137

Naxçıvanda bağça müdiri vəzifəsinə işə qəbul imtahanının test mərhələsi təşkil olunub

Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, test mərhələsində ötən il noyabrın 27-dən dekabrın 4-dək ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllim vəzifəsində çalışan 17 namizəd mübarizə aparıb.

Qeyd edək ki, imtahanda hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla, ümumi 60 sual təqdim edilib. Hər bir istiqamət üzrə minimum 5 bal olmaqla, ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.