25 fevral 2025 00:47
89

İkinci Böyük Qayıdışın ünvanı təbii ki, Qərbi Azərbaycan olacaq

Müsahibimiz Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü Məhbubə Vəliyevadır

- Məhbubə xanım, bir Qərbi azərbaycanlı olaraq erməni vəhşiliklərinin ağrı-acısını digər soydaşlarımız kimi siz də hiss etmisiniz. Yeni yaradılan İcmanın işində yaxından iştirak edən bir ziyalı kimi doğma torpaqlara qayıdışla bağlı fikrinizi bilmək istərdik.

- Ötən əsrin müxtəlif illərində Qərbi Azərbaycandan qovulmuş, deportasiyaya uğramış soydaşlarımızın hüquqlarının qorunması məqsədilə 2022-ci ildə yaradılan Qərbi Azərbaycan İcmasının məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə qovulmuş, təzyiqlərə məruz qalmış, daşnaklar tərəfindən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə bərpasını təmin etməkdir. İcma eyni zaman da ,Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliği və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması istiqamətində xeyli iş görmüşdür. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın təşkilatlanması istiqamətində önəmli addımlar atılmışdır. Sonuncu dəfə 1988-ci ildə Qərbi Azərbaycandan vəhşicəsinə çıxarılmış 300 minə yaxın həmvətənimiz əzablı qaçqın həyatı yaşamışdır. Tarixən azərbaycanlıların kompakt yaşadığı ərazilərdə xalqımıza məxsus milli- mədəni irsimiz məhv edilmiş, tarixi adlar erməniləşdirilmişdir. Acınacaqlı haldır ki, ermənilərin şovinizm siyasəti bu gün də davam edir. Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə ermənilər tərəfindən törədilmiş dağıntıların dünya ictimaiyyətinə çatdırılmasını başlıca vəzifə kimi qarşıya qoymuşdu. İcmanın son illərdə bu sahədə gördüyü işlər davam etdirilir.

- Erməni vəhşiləri tarixi abidələrimizi dağıtdıqları kimi, soydaşlarımızın yaşadıqları torpaqlara mənsubiyyətlərini yox etmək üçün ən çirkin rəzilliyə əl atırlar. Qərbi azərbaycanlı kimi təbii ki, bu vəhşilik sizi də narahat edir. Məsələn, İrəvanın mərkəzində yerləşən Təpəbaşı məhəlləsində törədilən dağıntılar kimi onlarla nümunə gətirmək olar.

- Bu məsələlər Qərbi azərbaycanlıların yaralı yeridir. Erməni adının səsləndiyi bütün məqamlarda yalan, böhtan, vəhşilik ön sıralarda dayanır. İcma tərəfindən bu sahədə məqsədyönlu iş aparılır. 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktlar və sənədlər toplanılır. Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. İcma Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.

- Məhbubə xanım, ziyalılarla görüşündə Prezident İlham Əliyev əsas vəzifə kimi birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasını başlıca vəzifə kimi qarşıya qoydu.

- Bəli, hər hansı bir işin görülməsi üçün onun istiqamətləri, prioritetləri əvvəlcədən müəyyənləşdirilməlidir. İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatması Qərbi Azərbaycana Qayıdışı zərurət kimi aktuallaşdırdı. Ən əsası o idi ki, Qayıdış Konsepsiyası sülhsevər proqram xarakterli olmalı və biz haqqımızı beynəlxalq hüquq normalarına əsasən tələb etməli və buna nail olmalıyıq. Bu sahədə təbii ki, əsas mənbə öz keçmişini, ulu babalarının tarixən məskunlaşdıqları əraziləri hamıdan yaxşı bilən elə Qərbi azərbaycanlılardır.
Bəllidir ki, torpaqlarımız 30 il işğal altında qalanda haqq səsimizi eşitməyən anti-Azərbaycan dairələr, ermənipərəst qüvvələr soydaşlarımızın doğma torpaqlarına qayıtmaq haqqının gerçəkləşməsi üçün heç bir iş görməyib. Dünya mədəni irsinin müdafiəsini öz ali məqsədi elan etmiş UNESCO hazırkı Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəniyyət abidələri, dini məbədlər və s. dağıdılması, məhv edilməsinə qarşı etinasızlıq göstərmək sözü azdır, bu barədə eşitmək belə istəməyiblər. Dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, bu gün ermənilərin guya işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus abidələrin dağıdılması kimi böhtanları əsassızdır. Əksinə, dağıdılan, tarixdən silinən Qərbi Azərbaycandakı xalqımıza məxsus abidələrdir, dini ocaqlar, məbədlərdir. Amma azərbaycanlılara məxsus həmin ərazilərə missiya göndərmək istəməyən bəzi beynəlxalq təşkilatların birtərəfli yanaşması xalqımızın illərdən bəri rastlaşdığı ədalətsizlikdir.

- Artıq bu sahədə fəallığını artıran İcmanın xətti ilə həyata keçirilən tədbirlər həqiqi mənada getdikcə intensivləşir, beynəlxalqa təşkilatlarla əlaqələr genişlənir, ölkəmizə qarşı aparılan bütün təxribatlara dərhal reaksiya verilir, qarşısı alınır .

- Bu intensivlik xalqımıza məxsus torpağa bağlılıqdan, doğma yurd həsrətindən, yurdsevərlik duyğularından qaynaqlanır. Ermənistan millətçiləri tərəfindən qovulmuş azərbaycanlıların Zəngəzura, Göyçəyə və bütün dədə-baba yurdlarına qayıtmaq hüquqları təmin olunmalıdır. Vahid məqsəd naminə birləşmiş Qərbi azərbaycanlıların tələbləri, doğma yurdlarına qayıtmaq istəkləri beynəlxalq hüquqa əsaslanır və onların gerçəkləşdirilməsi qarşımızda duran əsas vəzifələrdəndir.

- Prezident İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan çağırışlarından bir də: «Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq» sözləridir.

- Humanistlik xalqımıza xas ən ülvi keyfiyyətlərdəndir. Artıq bütün dünya ictimaiyyəti dövlət başçımızın bu sahədə apardığı sülhsevər siyasəti dəstəkləyir Yarandığı ilk gündən İcma tərəfindən görülən işlər dövlət başçımızın bu siyasətinə uyğun davam etdirilir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyanını əsasını da bu prinsiplər təşkil edir. Məqsəd qarşıya qoyulmuş hədəfə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaqdır. Qaniçənliyi genlərində əsrlərdən bəri daşıyan ermənilərlə bu topluma məxsus dillə danışmaq xalqımızın milli-mənəvi dəyərlərinə xas olan keyfiyyət deyil. Son iki əsrdə erməni daşnakları xalqımıza qarşı dəfələrlə soyqırımlar, kütləvi qırğınlar törətmiş günahsız həmvətənlərimizi qətlə yetirmişlər. Xocalı soyqırımında öldürülmüş, diri-diri yandırılmış, torpağa basdırılmış həmvətənlərimizə qarşı törədilən dəhşətlər heç bir xalqa qarşı edilməmiş erməni vəhşiliynin nümunələrindən yalnız biridir. Türkçülüyə nifrət hissini gənclərinə belə aşılayan daşnak tör-töküntüləri haqqında insanlıq, humanizm prinsipləri kimi keyfiyyətlərdən danışmaq bəşəri dəyərlərə haqsızlıq olardı. Azərbaycan xalqı heç vaxt müharibə istəməyib. İndi idə bu ideyasına sadiqdir. Ermənistanla sülh sazişinin imzalanması üçün dövlətimiz tərəfindən bütün imkanlardan istifadə olunur ki, soydaşlarımızın Qərbi Azərbaycana dönüşü də qarşılıqlı anlaşma yolu ilə həlli edilsin.

- Bu sahədə görülən işlərin məqsədyönlü davamı üçün yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu da fəaliyyətini genişləndirir. Sizin də vurğuladığınız kimi, Qayıdış Konsepsiyası vahid proqram əsasında davam etdirilir.

- Düzdür, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin rəhbərliyi ilə 13 nəfərdən ibarət Təşəbbüs Qrupunun əsas məqsədi soydaşlarımızın Qərbi Azərbaycana qayıdış hüququnun beynəlxalq müstəviyə daşınmasında parlament diplomatiyasının imkanlarından daha səmərəli istifadə etməkdir. Bu metodun əsas prinsipləri parlament diplomatiyasının xətti ilə Qərbi Azərbaycana qayıdış haqqımızı tələb etməkdir. Bəllidir ki, Milli Məclisimiz dünyanın 100-dən artıq ölkəsinin parlamentləri ilə işçi qrupları çərçivəsində fəaliyyət göstərir. Deputatlar arasında aparılan müzakirələr zamanı Ermənistanın xalqımıza qarşı etnik təmizləmə siyasəti ilə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır. Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq İcma tərəfindən təşkil olunan «Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi»” mövzusunda beynəlxalq konfranda da Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmışdır. İlk dəfə 2023-cü ilin dekabrında, 28 ölkədən 44 nümayəndənin iştirakı ilə keçirilən konfransda Qərbi Azərbaycan həqiqətləri faktlar əsasında açıqlandı. İkinci beynəlxalq konfrans isə ötən ilin dekabrında, 51 ölkədən 100-dən artıq nümayəndə iştirakı ilə təşkil olundu. İki gün davam edən konfransda qonaqlara Qərbi Azərbaycanın tarixi, abidələri, mədəni irsi, xalqımıza xas adət-ənənələri ilə bağlı zəngin məlumatlar verildi.

- Məhbubə xanım, Prezident İlham Əliyev mütəmadi olaraq bildirib ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Təbii ki, İcmanın fəaliyyət prinsipinin əsasını da bu müddəalar təşkil edir. Bu məsələdə ən vacib məqamlar hansılardır?

- Prezident İlham Əliyev bu sahədə də tövsiyələrini bildirib. İlk növbədə tarixi həqiqətlərimizi faktlar əsasında təsdiqləyən kitablar yazılmalı, köhnələr yenilənməli, həmin vəsaitlərdə tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı həqiqətlər əksini tapmalıdır. Təbliğat vasitəsi olan kitablar müxtəlif xarici dillərə tərcümə olunmalıdır. Tarixi adlarımızın bərpası üçün dost ölkələrin tanınmış alimləri , tarixçiləri, etnoqrafları prosesə cəlb edilməlidir. Monodövlət olan Ermənistanın etnik təmizləmə siyasəti beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Erməni toplumunun Azərbaycan ərazisinə köçürülməsinin əsassız olması tarixi faktlarla sübut edilməlidir. Bu amillər Qayıdış Konsepsiyasının əsas müddəaları kimi, təbliğ olunmalıdır. Tarixi faciəmiz olan Qarabağın və Şərqi Zəngəzurun işğalı ilə bağlı həqiqətlərə daha çox önəm verilməlidir. «O cümlədən bütün informasiya resursları - qəzetlər, informasiya portalları, mən dediyim kimi, rəqəmsal platforma və sair məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, indi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik. Ünvan təbii ki, Qərbi Azərbaycan olacaq.

Dövlət başçımız keçmiş köçkünlərlə görüşlərində verdiyi vədə sadiq qalaraq torpaqlarımızı işğaldan azad etdi. Süverenliyimiz tam bərpa olundu. Bu qətiyyətin əsasını xalqımızın torpaqlarımıza qayıdışa olan böyük inamı təşkil edirdi. Artıq biz dünya miqyasında tarixi Zəfər qazanmış, qalib xalq kimi tanınırıq. Təsadüfi deyil ki, müstəqilliklərinə inamlarını itirən xalqlar da bizə oxşamaq, bizim kimi mübarizə aparmaq, məsləhətləşmək istəyirlər. Fikrimi Prezident İlham Əliyevin «İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq» sözləri ilə tamamlamaq istəyirəm.

- Müsahibə üçün çox sağ olun. Sizə də o günlərin sevincini yaşamaq arzulayıram. İnşaallah, Qərbi Azərbaycanda görüşərik.

Xuraman İsmayılqızı, «İki sahil»