25 fevral 2025 15:22
114

Sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb - FOTO

 

Fevralın 25-də Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbir və KİV nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə Aqrar Sığorta Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin, Medianın İnkişafı Agentliyinin (MEDİA) və Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un, “Agro Dairy” şirkətinin rəhbərliyi və nümayəndələri, eləcə də fermer və təsərrüfat nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Toplantıda Azərbaycanda və dünyada aqrar sığorta mexanizminin yaradılması və inkişafı, Aqrar Sığorta Fondunun fəaliyyəti, o cümlədən 2024-cü ilin nəticələri, eləcə də sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı təqdimatlar edilib, fermer və təsərrüfat rəhbərlərinin çıxışları dinlənilib. 

Giriş sözü ilə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta mexanizmi dövlətin aqrar sektora dəstəyinin növbəti addımıdır. 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu ötən 5 il ərzində maliyyə dayanıqlı bir təşkilata çevrilərək fermerlərin risklərini uğurla qarşılamaqdadır. Fond sədri bildirib ki, yeni yaradılmış aqrar sığorta mexanizmi dövlətin fermerlərə dəstəyinin daha bir nümunəsi olmaqla yanaşı, bu sahəyə dövlətin və fermerlərin yatırdığı investisiyaları qoruyur. Xüsusilə iqlim dəyişiklikləri dövründə aqrar sığorta mexanizmi təsərrüfatları çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlərdən qoruyur.

Hazırda aqrar sığorta mexanizmi 41 növ bitkini, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını qoruyur. Bura taxıl və tarla bitkiləri, texniki bitkilər, meyvə bağları və tərəvəz-bostan bitkiləri aiddir. Bu təsərrüfatlar təqribən 30-a yaxın riskdən qorunur.

Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraitini və havaların soyuq keçdiyini xatırladan Fond sədri bildirib ki, aqrar sığorta əkinləri, xüsusilə meyvə bağlarını şaxtavurma riskindən də sığorta edir və bu hadisələr üzrə ödənişlər edilir.

Tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev ölkə iqtisadiyyatı üçün mühüm istiqamət olan aqrar sahənin davamlı inkişafında aqrar sığortanın əhəmiyyətini qeyd edib.

MEDİA Agentliyinin şöbə müdiri Elşən Ağayev isə belə tədbirlərin jurnalistlərin ixtisaslaşması və iqtisadi proseslərin düzgün işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Dünyada və Azərbaycanda aqrar sığorta mexanizmi, risklər və məhsullar” mövzusunda təqdimatda bildirilib ki, dünyada aqrar sığortanın müxtəlif modelləri var. Azərbaycan bu sahədə qardaş Türkiyənin TARSİM təşkilatının təcrübəsindən istifadə edib. Yaradılan aqrar sığorta modeli, dövlət dəstəkli və qeyri-kommersiya xarakterli olması səbəbindən daha dayanıqlıdır.

Qeyd edilib ki, aqrar sığorta vasitəsilə əkin sahələrinin sığortası olduqca sərfəlidir. Belə ki, aqrar sığortaya dövlətin 50%-lik mühüm dəstəyi var. Bunun sayəsində fermerlərimiz öz təsərrüfatlarını ikiqat aşağı qiymətlə sığorta edə bilirlər. Məsələn, ölkənin əksər hissəsində 1000 manatlıq taxılın illik sığorta haqqı cəmi 7-10 manat ətrafındadır.

Tədbirdə jurnalistlərin bölgədəki fermerlərlə birbaşa ünsiyyətinə şərait yaradılıb. Əkin sahəsinə dəymiş zərərə görə Aqrar Sığorta Fondundan ödəniş almış Ağsu rayonunun Abasxanlı kəndindən olan fermer Rasim Məmmədov canlı yayımla tədbirə qoşularaq sığorta hadisəsi, sığorta ödənişi alması barədə ətraflı məlumat verib. O, aqrar sığorta mexanizmindən məmnun qaldığını bildirərək digər fermerləri də əkin sahələrini sığorta etməyə çağırıb.

 “Aqrar sığorta hadisələri və zərərlərin tənzimlənməsi” mövzusunda təqdimatda Azərbaycanda əkin sahələrində baş verən təbiət hadisələri, bu hadisələrin təsərrüfatlara vurduğu zərər, zərərlərin araşdırılması və qarşılanması prosesi ətraflı izah edilib. Bildirilib ki, ölkədə ən çox baş verən təbiət hadisələri fırtına-qasırğa, dolu, selsubasma hallarıdır. Buna misal olaraq 2024-cü ildə Samux rayonunda 600 hektar ərazinin su basması misal göstərilib. Həmin hadisə nəticəsində buradakı sığortalı təsərrüfatlara dəyən təqribən 700 min manatlıq zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanıb.

Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un nümayəndələri «Kosmik texnologiyalar aqrar sektorun xidmətində» mövzusunda təqdimatla çıxış edərək peykdən əkin sahələrinin monitorinqi imkanlarını nümayiş etdiriblər və bu monitorinqin əhəmiyyətin izah ediblər.

Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbirdə ötən il təbiət hadisəsi nəticəsində zərərlə üzləşmiş və böyük məbləğdə sığorta ödənişi almış «Kür Fruit» şirkətinin rəhbəri Ramiz Nuriyev çıxış edərək aqrar sığorta prosesi barədə məlumat verib, eləcə də aqrar sığortanın daha da təkmilləşdirilməsi üçün təkliflərini açıqlayıb.

Toplantıda Aqrar Sığorta Fondunun 2024-cü il üzrə nəticələri açıqlanıb.  Bildirilib ki, 2024-cü ildə Azərbaycanda aqrar sığortaya maraq artmaqda davam edib. Belə ki, sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb. Bu 2023-cü illə müqayisədə 25 min hektar və ya 6% artıqdır. Əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 11% artaraq 56 min 662-yə yüksəlib. 2024-cü ildə ilk dəfə olaraq nektarin, qarpız, albalı, yemiş və tütün bitkilər də sığorta edilib.

Bildirilib ki, 2024- ötən il Fond tərəfindən zərərə məruz qalmış təsərrüfatlara 6 milyon 423 min manat sığorta ödənişi edilib. Əvvəlki illə müqayisədə sığorta ödənişləri 2 2 milyon manat və ya 46% artıb. Sığorta ödənişlərinin 5 milyon 246 min manatı bitkiçilik, 1 milyon 177 min manatı isə heyvandarlıq təsərrüfatlarının payına düşüb.

Bitkiçilik üzrə ən çox sığorta ödənişləri: fırtına-qasırğa, sel-subasma və dolu, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti üzrə edilib. Ən çox ödəniş edilən bitkilər (taxıl, pambıq və qarğıdalıdan başqa): üzüm, gilas, alma, badam və ərik, çəltik və qarpız olub. Bitkiçilik üzrə ən çox zərər ödənişləri 6 rayonun - Şəki, Samux, Qobustan, Ağcabədi, Saatlı, Ağstafa rayonlarının payına düşür.

Tədbirdə Aqrar Sığorta Fondunun rəhbərliyi aqrar sığorta sistemində mühüm yer tutan müstəqil aqrar sığorta ekspertləri üçün yaradılan imkanlar barədə açıqlama verib. Bildirilib ki, aqrar sığorta ekspertləri təsərrüfatlarda riski və zərəri qiymətləndirirlər. Hazırda ölkədə ümumilikdə 800-1000 nəfərə qədər ekspertə ehtiyac var, amma onların real sayı təqribən 100 nəfərdir.

Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov ekspertlərin gəlirlərinin yüksək olduğunu xüsusi qeyd edib. Bildirilib ki, ekspertlərin aylıq gəlirləri 1000-1500 manatdan başlayır, gündəlik gəlir limiti isə 500 manata qaldırılıb. Fond rəhbəri ölkədəki aqronom və digər yaxın ixtisas sahiblərini bu imkandan istifadə etməyə və aqrar sığorta eksperti kimi çalışmağa dəvət edib. 

Tədbirdə qeyd edilib ki, 2024-cü ildə aqrar sığortanın əlçatanlığı üzrə işlər davam etdirilib. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə tariflər 5,2%-dən mal-qara üçün 4,9%-ə, xırdabuynuzlu heyvanlar üçün 4,7%-ə endirilib. Eləcə də aqrar sığortanın əhatə dairəsi genişlənib və Naxçıvan Muxtar Respublikasında yeni filial fəaliyyətə başlayıb.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb və ətraflı izahlar verilib.

Orxan Vahidoğlu, “İki sahil”