26 fevral 2025 23:57
81

Yanvar ayında paytaxtın sosial-iqtisadi mənzərəsi

2025-ci ilin ilk ayında Bakıda görülmüş işlərin yekunları açıqlanıb

Sənayenin inkişafı haqqında

2025-ci ilin yanvar ayında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  4,5 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 73,3 faizi mədənçıxarma, 23,0  faizi emal, 2,9  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 79,0 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  89,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,4 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 fevral  2025-ci il vəziyyətinə 425,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 21,1 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2025-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,4 faizini əsaslı təmir, 4,1 faizini cari təmir, 5,1 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 89,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2025-ci ilin yanvar ayında  pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvar ayı ilə müqayisədə 4,6 faiz artaraq 2946,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni ayı  ilə müqayisədə 2,9 faiz artaraq 1580,4 milyon manata, qeyri-ərzaq malları isə 6,8 faiz artaraq 1366,0 milyon manat olmuşdur. İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,6 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

2025-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23,8 faiz artaraq 100,6 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 79,8 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 79,3 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2025-ci ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,6 faiz artaraq 638,5 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 605,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 94,8 faizini təşkil etmişdir.

Əməkhaqqı

2024-cü ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 1269,2 manat təşkil etmişdir.     

Bakı Şəhər Statistika İdarəsi