26 fevral 2025 22:26
107

Sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət edən QƏRAR

Vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq

Xəbər verildiyi kimi, Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən əlavə dəyər vergisinin (ƏDV) ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib. 

Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, bina tikinti fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, həmin məhsulların alıcılarının elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməsi tələbləri ləğv edilib. 

Yeni qərar iş adamlarının fəaliyyətinin daha da asanlaşdırılmasına xidmət edəcək

Milli Məclisin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd edib ki, Nazirlər Kabinetinin bu qərarı Vergi Məcəlləsinə edilən dəyişikliklərdən irəli gəlir: “Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən bir tərəfdən sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, təşviq edilməsi, digər tərəfdən isə vergi intizamının genişləndirilməsi məsələlərinə yönəlib. Ümumiyyətlə, ƏDV-nin depozit hesabı və bu hesaba köçürmələrlə bağlı Qaydaların təkmilləşdirilməsi müşahidə olunmaqdadır. Nazirlər Kabinetinin ƏDV ilə bağlı yeni qərarı iş adamlarının fəaliyyətinin daha da asanlaşdırılmasına, eyni zamanda, ƏDV ödəyicisi olan və ƏDV ödəyicisi olmayan sahibkarların fəaliyyətlərinin optimallaşdırılmasına və asanlaşdırılmasına imkan verəcək.” 

Vüqar Bayramov vurğulayıb ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalarda əsasən texniki şərtlərdə, xüsusən də bir sıra sektorlar üzrə qəbzlərdə depozit hesabı ilə bağlı rekvizitlərin təqdim olunmaması, digər məlumatların təqdimatı tələbinin ləğv olunması qeyd olunur: “Bu, xüsusən iş adamları üçün prosedurların asanlaşdırılmasına gətirib çıxaracaq. Onların gəlirlərinin artması, fəaliyyətlərinin stimullaşdırılması baxımından vacib hesab olunur. ƏDV depozit hesabı ilə bağlı Qaydalarda dəyişiklik bütövlükdə Vergi Məcəlləsinə edilən son dəyişikliklərə uyğun olaraq qəbul edilməklə yanaşı, eyni zamanda, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə imkan verəcək. Məqsəd təbii ki, sahibkarların xərclərinin azaldılmasına, onların daha geniş çərçivədə xidmət göstərmələrinə şərait yaratmağa nail olunmasından ibarətdir. Bu, həm də yerli istehsalın stimullaşdırılması məqsədi daşıyır. Başqa sözlə, yeni qərar idxaldan asılılığın aradan qaldırılmasına, istehlak bazarında qiymətlərin optimallaşdırılmasına dəstək olacaq.” 

Yaranan çaşqınlıqlar aradan qaldırılacaq

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin həmin qərarını şərh edib. 

Dövlət Vergi Xidməti hesab edir ki, dəyişikliyə əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, həmçinin kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı alıcıya təqdim olunan qəbzdə, çekdə ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi aradan qaldırılıb.

Dəyişikliklərin əsas səbəbi elektron qaimə-fakturanı əldə edən tərəflər arasında ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərinin olması, bəzən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən əməliyyatların müəyyən hissəsinin əməliyyatın xarakterindən asılı olaraq ƏDV-yə cəlb edilməməsi və bu səbəbdən ƏDV ödəmək öhdəliyi yaranmaması zamanı yaranan çaşqınlıqların aradan qaldırılmasıdır.

Qaydalarda qeyd olunduğu kimi, ƏDV-yə cəlb olunan (18%) əməliyyatlar üzrə, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün hesablanan vergi məbləğinin ƏDV-nin depozit hesabına köçürməsi ilə bağlı tələblər qüvvədədir.

Dövlət Vergi Xidmətinin şərhində qeyd olunur ki, Qaydalarda edilmiş digər mühüm dəyişiklik vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, vergi ödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-a qədər müəyyən edilib. Dəyişiklikdən əvvəl yalnız saat 11:30-a qədər olan ödənişlərin həmin gün Agentliyə təqdim olunması nəzərdə tutulurdu.

Dövlət Vergi Xidmətindən bildirilib ki, müvafiq dəyişiklik vergi ödəyicilərinin müraciətləri əsasında həyata keçirilib. Bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Nəticədə ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektlərinin və biznesin maraqlarına xidmət edən bu dəyişikliklə vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.

Orxan Vahidoğlu, “İki sahil”