27 fevral 2025 15:00
97

Azərbaycanın lüks turizm imkanları Qətərdə təbliğ olunub

Azərbaycan Turizm Bürosu Qətərin paytaxtı Dohada keçirilən “Connections Luxury Middle East 2025” tədbirində rəsmi tərəfdaş qismində təmsil olunub.

“İki sahil” xəbər verir ki, tədbirə Yaxın Şərq, Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələri,  Cənubi Asiya, ABŞ, Böyük Britaniya və digər Avropa dövlətlərindən aparıcı turizm sənayesi nümayəndələri, o cümlədən lüks hotel şəbəkələri, turizm şirkətləri və yüksək səviyyəli səyahət agentlikləri daxil olmaqla, 100-dən çox beynəlxalq şirkət qatılıb.

Azərbaycan Turizm Bürosu tədbir çərçivəsində aparıcı turizm şirkətləri ilə 40-a yaxın B2B formatlı görüş keçirərək ölkənin lüks turizm potensialını təqdim edib. 

Müzakirələr qış və yay turizmi, sağlamlıq və istirahət mərkəzləri, eləcə də Ramazan bayramı ərəfəsində turizm təklifləri ilə bağlı aparılıb.

Tədbir zamanı açıqlanan məlumata görə, Azərbaycan GCC səyahətçiləri üçün 2024-cü ilin ən populyar 10 xarici destinasiyası sırasında premium turizm istiqaməti kimi yer alıb.