27 fevral 2025 15:56
91

Azərbaycanın dinamik inkişaf edən beynəlxalq əlaqələri - Afrika ölkələri ilə əməkdaşlıq yeni müstəvidə

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyin bütün üzvləri, o cümlədən Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələr qurmaq istiqamətində mühüm addımlar atıb. Təsadüfi deyil ki, 1992-2012-ci illərdə Azərbaycan qitənin əksər dövlətləri ilə diplomatik münasibətlər qurmağa nail olub.

“İki sahil” AZƏRTAC-a istinadla Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin inkişaf dinamikasına qısa nəzər salır.

İkitərəfli siyasi münasibətlər

Afrika ölkələri ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları mövcud potensialdan daha genişdir. Ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, iqtisadi potensialı və gücü, eləcə də Prezident İlham Əliyevin nüfuzlu Lider kimi yürütdüyü uğurlu siyasət Afrika ölkələrinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə daha çox artırır. Bir sıra Afrika ölkələrinin dövlət başçıları Azərbaycana səfər etmək, ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətlərini ifadə edib, ölkəmizi qitəyə investisiya qoymağa çağırıblar. Bu amilləri nəzərə alsaq, qitə ölkələri ilə prioritet sahələrdə əməkdaşlığın davam etdirilməsi bütün tərəflər üçün faydalıdır.

Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsi tədbirdə təmsil olunan Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Həmin Zirvə görüşü, eyni zamanda, qitənin bir çox ölkələri ilə ali səviyyədə təmasların və görüşlərin keçirilməsi üçün əlverişli şərait yaratdı.

Bundan sonra – ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi COP29-da ali səviyyədə təmsil olunan Afrika ölkələrinin dövlət başçıları ilə keçirilmiş görüşlər, həmçinin son illər ərzində Misir, Əlcəzair, Konqo və Somali kimi ölkələr ilə ali səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və Keniya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın Afrika siyasətinin inkişaf perspektivlərinin “yol xəritəsi”ni, hərtərəfli əməkdaşlıq üçün potensial istiqamətlər müəyyənləşdirdi.

Ötən il aprelin 4-5-də Konqo Prezidenti Deni Sassu-Nqesso, bu il fevralın 11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərləri zamanı həmin ölkələrlə arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olundu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair hüquqi-normativ sənədlər imzalandı.

Hazırda Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir, bu əlaqələrdə ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilib.

İqtisadi və humanitar əlaqələr

Qeyd edək ki, hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Xatırlatmaq yerinə düşər ki, hazırda Azərbaycanın qitədə ən geniş iqtisadi əlaqələrə malik olduğu ölkələr Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq üçün addımlar atılıb. Belə ki, SOCAR ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsinə dair sənəd imzalanıb. Həmçinin Misir şirkətləri ilə əməkdaşlıq istiqamətində işlər görülür.

Neft-qaz sahəsində əməkdaşlıq əsasən xam neftin, neft və neft/qaz kimya məhsullarının, mayeləşdirilmiş təbii qazın (LNG) alqı-satqısı üzərində qurulub. SOCAR-ın Afrika regionu üzrə əməkdaşlıqda maraqlı olduğu ölkələr, ilk növbədə, Konqo Respublikası, Keniya, Ekvatorial Qvineya, həmçinin Misir, Əlcəzair, Nigeriya, Mərakeş, Liviya, Tunis, Seneqal və CAR-dır. Afrika qitəsində yerləşən bir çox ölkələr təbii minerallar ilə çox zəngindir. Mədənçilik sahəsində də əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Konqo, Syerra-Leone, Keniya, Niger, Burkina Faso və Mali kimi ölkələrinin müvafiq qurumları ilə görüşlər keçirilib və müzakirələr aparılıb.

Azərbaycan Afrika ölkələrinə hərbi təyinatlı məhsulların ixracında da maraqlıdır. Somali Prezidentinin ölkəmizə səfəri zamanı müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sənəd imzalanıb. Eyni zamanda, Somali Prezidenti Azərbaycanın müdafiə sənayesi məhsulları ilə tanış olub.

Ölkəmizin Afrika dövlətləri ilə əməkdaşlığında əsas istiqamətlərdən biri “ASAN xidmət” modelinə dair təcrübə mübadiləsidir. Bu modelin tətbiqinə Afrika qitəsi ölkələri böyük maraq göstərdiklərini ifadə ediblər. “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində Mərakeş, Uqanda və Efiopiya kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə Anlaşma memorandumları imzalanıb. Uqandada hazırda “ASAN xidmət” modeli əsasında 6 Dövlət Xidmətləri mərkəzi fəaliyyət göstərir. Somali Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlərdən biri də bu sahədə əməkdaşlığa dair olub. Onun Bakıda “ASAN xidmət” mərkəzi ilə tanış olması da təsadüfi deyil. “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində, eyni zamanda, Esvatini, Konqo, Tanzaniya, Qambiya və Zimbabve ilə fəal danışıqlar davam etdirilir.

Azərbaycan qitə ölkələri ilə minatəmizləmə sahəsində də əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə müzakirələr aparır. Afrika qitəsində bır sıra ölkələr mina və müharibənin digər partlayıcı qalıqları problemi ilə üzləşib. Qitənin 20-yə yaxın ölkəsi, o cümlədən Anqola, Çad, Konqo Demokratik Respublikası, Eritreya, Efiopiya, Mali, Mavritaniya, Niger, Nigeriya, Seneqal, Somali, Cənubi Sudan və Zimbabve bu problemlə üzləşib. Ölkəmizdə mina təhlükəsinə qarşı mübarizə sahəsində hər il təşkil edilən beynəlxalq konfranslarda Somali, Anqola, Nigeriya, Sudan və Konqonun minatəmizləmə qurumlarının nümayəndələri fəal iştirak edirlər.

Təhsil sahəsində əməkdaşlıq da əsas istiqamətlərdən biridir. 2023/2024-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində Afrikanın 35 ölkəsindən 365 nəfər təhsil alıb. Azərbaycan Prezidentinin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv olan Afrika qitəsi ölkələrinin vətəndaşları üçün ölkəmizin ali təhsil müəssisələrində dövlət hesabına təhsil almaq imkanı yaradılıb. Bu ilin fevralında Somali Prezidentinin ölkəmizə səfəri zamanı, həmçinin təhsil sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.

Azərbaycan, eyni zamanda, Fransanın hələ də neokolonial hökmranlıq siyasətindən əziyyət çəkən keçmiş müstəmləkə ölkələrinin, o cümlədən Afrikada yerləşən Niger, Mali, Burkina-Faso, Seneqal və s. kimi ölkələrin öz hüquqları və suverenlikləri uğrunda, həmçinin fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəyə dəstək verməkdədir. Artıq Bakı şəhəri Fransa tərəfindən hüquqları tapdanan ölkələrin və azsaylı xalqların öz azadlıqları uğrunda bir araya gəldiyi beynəlxalq platformaya çevrilib. Ölkəmizin təşəbbüsü ilə keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlara Afrikanın keçmiş müstəmləkə ölkələrinin nümayəndələri də qatılaraq Fransanın neokolonial siyasətini ifşa edir, buna kəskin etirazlarını bildirirlər.

Azərbaycanın Afrika siyasətində əsas əməkdaşlıq komponentlərindən biri də qitə ölkələrinə humanitar yardımların göstərilməsidir. Demək olar ki, bütün Afrika qitəsi ölkələrinə Azərbaycan tərəfindən çoxtərəfli və ikitərəfli əsasda müxtəlif zamanlarda humanitar və inkişafa yardım xarakterli yardımlar göstərilib. Afrikaya humanitar yardım sıralamasında Azərbaycan ilk 20 ölkə arasında yer alır. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə artıq neçə ildir ki, müxtəlif Afrika ölkələrində tibbi və texniki yardım layihələri həyata keçirilməkdədir. Bu fəaliyyətə, həmçinin Heydər Əliyev Fondu mühüm töhfə verir.

Afrika qitəsində yeni əməkdaşlıq istiqaməti - Qvineya-Bisau

Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri də Qvineya-Bisaudur. Bu ölkə ilə diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalo ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı, polis akademiyaları arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.

Bundan başqa, ötən il dekabrın 2−4-də Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Səfər çərçivəsində o, Xarici İşlər, Daxili İşlər, Səhiyyə, Təhsil, Müdafiə, Energetika nazirlikləri, “ASAN xidmət”də və SOCAR-da görüşlər keçirib. Görüşlərdə dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, müvafiq sahələrdə, xüsusilə tibb, enerji, müdafiə sənayesi istiqamətlərində əməkdaşlıq, həmçinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub. Səfər zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi təsis olunub.

Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun Azərbaycana bugünkü səfəri səfəri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Bu səfər zamanı, həmçinin “ASAN xidmət” sahəsində sənədin imzalanması gözlənilir.

Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. Qvineya-Bisau Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib.

Xatırladaq ki, Azərbaycan koronovirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.

Sadalanan faktlar onu deməyə əsas verir ki, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət olan Afrika ölkələri ilə əlaqələri gələcəkdə daha geniş sahələrdə əhatələyərək dinamik inkişaf edəcək.