19 iyun 2026 18:58
104

Paşinyan və komandası bunu bacaracaqmı?

İyunun 7-də erməni seçiciləri müharibə və xəyali "böyük Ermənistan" şüarları ilə çıxış edən radikal qüvvələrə "yox" deməklə, Bakının formalaşdırdığı yeni reallıqla hesablaşmağın yeganə xilas yolu olduğunu bir daha təsdiqlədilər. Seçkilərin nəticəsi göstərdi ki, Ermənistan da sülh və normallaşma prosesini davam etdirmək istəyir. Bu isə o deməkdir ki, artıq Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh gündəliyi formalaşıb. Şübhəsiz, bu, ilk növbədə, Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasət və diplomatiya nəticəsində əldə olunub. Bu da Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində regionda tərəqqi, əməkdaşlıq və sülh prinsiplərinə söykənən tamamilə yeni dövrün təməlinin qoyulduğundan xəbər verir. Şübhəsiz, bu prosesdə ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması mühüm rol oynayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda bu məsələni bir daha vurğulayıb: “Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə Bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük”.

İndi qalır bir məsələ. Ermənistan referendum keçirərək Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Qeyd edək ki, son illərdə Nikol Paşinyan dəfələrlə Ermənistandan yeni Konstitusiyaya ehtiyac duyulduğunu bəyan edib, hətta bunun zəruriliyini dəfələrlə vurğulayıb. Xatırladaq ki, Ermənistan vaxtilə həmin konstitusiyanı qəbul etməklə Azərbaycana qarşı ərazi iddiasını rəsmiləşdirib. O baxımdan Ermənistanın referendum keçirərək bu iddiaları aradan qaldırması vacibdir. Amma hazırda görünən budur ki, Paşinyan hökuməti formalaşdırmaq üçün kifayət qədər siyasi dəstək qazansa da, Konstitusiyanı istədiyi formada dəyişdirmək üçün zəruri olan institusional üstünlüyə malik deyil. Belə ki, Paşinyana konstitusiya referendumu prosesinə başlamaq üçün əlavə daha 6 mandat da lazımdır. Bu da hazırkı şəraitdə müxalifət düşərgəsinə mənsub deputatların “Vətəndaş Müqaviləsi” fraksiyasına keçə bilməsi ilə reallaşa bilər. Yəni, Paşinyan tərəfdarlarının parlamentdəki çoxluğu sayəsində Azərbaycanın sülh müqaviləsi üçün əsas şərt kimi irəli sürdüyü Konstitusiya dəyişikliklərini (ərazi iddialarının çıxarılması) reallaşdırmaq imkanı əldə edə bilər. Bu məqamda Nikol Paşinyanın keçmiş silahdaşı və partiyadaşı, "İşıqlı Ermənistan" Partiyasının lideri Edmon Marukyanın açıqlamasını xatırlatmaq yerinə düşər. O deyib ki, Paşinyan parlamentdə konstitusiya çoxluğunu təmin etməsə də, o, müxalifət düşərgəsindən bir çox deputatı öz tərəfinə çəkə biləcək. Onun sözlərinə görə, müxalifət siyahılarında çoxlu belə “həssas” adamlar var. Yeri gəlmişkən, erməni politoloq Akop Badalyan da bu fikirdədir.

Görünən odur ki, Nikol Paşinyan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı planını həyata keçirmək üçün parlamentdə konstitusion çoxluq əldə etməyə çalışır. Görəsən Paşinyan və onun komandası bunu bacaracaqmı? Hələlik bu suala müsbət cavab vermək mümkün olmasa da, amma bir şey dəqiqdir. Baş nazir Nikol Paşinyan jurnalistlərə deyib ki, sülh gündəliyini ardıcıl olaraq davam etdirməyimiz və bütün mümkün vasitələrlə ona xidmət etməyimiz sayəsində müharibə olmayacaq, sülh olacaq. Yeri gəlmişkən, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hələlik ictimaiyyətə açıqlanmağa hazır deyil. O, qeyd edib ki, irəli sürülən təkliflərin ümumiləşdirilməsi və sənədin tam hazır vəziyyətə gətirilməsi üçün daha bir neçə həftə vaxt lazım olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”