Müasir dövrdə urbanizasiya prosesi qlobal xarakter daşısa da, paytaxt şəhərlərdə əhalinin və iqtisadi resursların həddindən artıq cəmləşməsi müəyyən struktur problemlərinə yol açır. Bakı şəhərinin infrastruktur yükünün azaldılması və regionların iqtisadi potensialının tam reallaşdırılması Azərbaycan dövlətinin iqtisadi-siyasi prioritetlərindən biridir. Əhalinin paytaxtdan regionlara axınının (tərs miqrasiyanın) təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər ölkənin balanslı inkişafı üçün fundamental bünövrə rolunu oynayır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” məhz regionlarda dayanıqlı məşğulluğun təmin edilməsi və əhalinin paytaxta axınının qarşısının alınması (yerində saxlanılması) baxımından strateji yol xəritəsidir. Bu proqram kənd yerlərini sadəcə xammal istehsal edən sahə kimi deyil, yüksək gəlirli və müasir yaşayış mühiti təklif edən iqtisadi ekosistem kimi yenidən formalaşdırmağı hədəfləyir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov da faktı təsdiq edib. O qeyd edib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" regionlarda iş yerlərinin yaradılmasına yönəlib. Nazir Dövlət Proqramının insanların regionda qalmasına xidmət edəcəyini vurğulayıb: "Bir məqamı da başa düşürük ki, urbanizasiya nəticəsində rayonlarda, kəndlərdə işçi qüvvəsinin azalması prosesi də gedir və bunun da əsas həll yolu kənd təsərrüfatında mexanizmlərin genişlənməsinə nail olmaqdır. Müasir suvarmanın, yeni texnikaların, texnologiyaların tətbiqi, dərmanlama avadanlıqlarının, müxtəlif cihazların və qoşquların tətbiqinin genişləndirilməsi, əlbəttə ki, buradakı şərtlərdən biri olacaq".
İlk növbədə, regionlarda iş yerlərinin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə xidmət edir. Məlum olduğu kimi, işsizlik hər bir cəmiyyət üçün ciddi sosial və iqtisadi problemlər yaradır. İnsanların daimi gəlir mənbəyinin olmaması yoxsulluğun artmasına, sosial gərginliyin yaranmasına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Regionlarda yeni müəssisələrin, fabriklərin, xidmət sahələrinin və kənd təsərrüfatı layihələrinin yaradılması minlərlə insanın işlə təmin olunmasına imkan verir. Regionlarda iş yerlərinin yaradılmasının digər mühüm əhəmiyyəti daxili miqrasiyanın qarşısının alınmasıdır. İş imkanlarının əsasən böyük şəhərlərdə cəmləşməsi insanların yaşayış yerlərini tərk edərək həmin şəhərlərə köç etməsinə səbəb olur. Bu isə həm regionların əhalisinin azalmasına, həm də şəhərlərdə həddindən artıq sıxlığın yaranmasına gətirib çıxarır. Yeni iş yerləri regionlarda yaradıldıqda insanlar doğulduqları və yaşadıqları ərazilərdə qalmağa üstünlük verirlər. Beləliklə, əhalinin bölgələr üzrə balanslı yerləşməsi təmin edilir və şəhərlərin infrastrukturuna düşən yük azalır. İş yerlərinin yaradılması regionların iqtisadi inkişafını da sürətləndirir. Hər bir yeni müəssisə yalnız birbaşa məşğulluq yaratmır, həm də digər sahələrin inkişafına təkan verir. Məsələn, istehsal müəssisəsinin fəaliyyətə başlaması nəqliyyat, logistika, ticarət və xidmət sektorlarında əlavə iş imkanları yaradır. Bu proses iqtisadi dövriyyənin genişlənməsinə, vergi daxilolmalarının artmasına və yerli büdcələrin güclənməsinə səbəb olur. Nəticədə regionların öz iqtisadi potensialından daha səmərəli istifadə etməsi mümkün olur.
Hazırda ölkədə daxili miqrasiya tempini və istiqamətini kökündən dəyişən ən mühüm amil işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması proqramıdır. Ağalı kimi kəndlərdə tətbiq edilən "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları regionlarda paytaxtın təklif etdiyi rəqəmsal və sosial komfortu bərpa edir. Bu iki model şəhər və kənd arasındakı fərqləri minimuma endirərək ölkədaxili miqrasiyanın istiqamətini kökündən dəyişməyə imkan yaradır. Füzuli və Ağdamda "ağıllı şəhər", Zəngilanın Ağalı və Füzulinin Dövlətyarlı kəndlərində isə "ağıllı kənd" layihələri sıfırdan zəncirvari şəkildə qurulub. Bu ərazilərə Bakıdan köçən əhali birbaşa olaraq alternativ enerji (yaşıl enerji zonası), rəqəmsal idarəetmə və "böyük verilənlər" (Big Data) əsasında idarə olunan infrastruktura daxil olur. Bundan əlavə, azad edilmiş ərazilərdə fəaliyyət göstərən mütəxəssislər üçün tətbiq edilən 5 illik sosial-iqtisadi paketlər (əlavə müavinətlər, vergi və gömrük güzəştləri) intellektual və ixtisaslı kadrların Bakıdan regionlara axınını birbaşa təmin edir. Bu, regionların idarəetmə və istehsalat potensialını keyfiyyətcə yeniləyir.
"Ağıllı kənd" və “ağıllı şəhər” layihələri sübut edir ki, əhalini regionda saxlamağın və ya şəhərdən kəndə qaytarmağın yolu süni qadağalar deyil, texnologiya və komfortun coğrafi bərabərliyidir. İnternetin, yaşayış şəraitinin və qazanc imkanlarının şəhərlə eyni səviyyəyə çatdığı, lakin təbiətin və ekologiyanın şəhərdən qat-qat təmiz olduğu bir kənd modeli müasir insan üçün ən cəlbedici yaşayış seçimidir. Bu isə paytaxtın demoqrafik yükünü azaltmaqla yanaşı, regionların iqtisadi müstəqilliyini təmin edəcək.
Sevinc Azadi, “İki sahil”