28 fevral 2025 00:56
117

Yeni yollar, yeni imkanlar...

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” nəqliyyat şəbəkəsinin daha müasir standartlara uyğun qurulmasını təmin edir

Nəqliyyat infrastrukturunun inkişafı ölkənin iqtisadi və sosial tərəqqisində mühüm rol oynayır. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı layihələr şəhər və regionlar arasında nəqliyyat əlaqəsinin təkmilləşdirilməsinə, hərəkət rahatlığının artırılmasına xidmət edir. Bakı və ətraf ərazilərdə yeni yolların salınması, mövcud yolların yenidən qurulması və yol qovşaqlarının tikintisi bu istiqamətdə görülən işlərin əsas hissəsini təşkil edir.

Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” bu sahədə mühüm addımlardan biridir. Proqramın əsas məqsədi paytaxt və ətraf ərazilərdə nəqliyyat şəbəkəsinin daha müasir standartlara uyğun qurulmasını təmin etməkdir. Yeni yolların salınması, körpü və yol qovşaqlarının tikintisi, həmçinin mövcud yolların təmir və yenidənqurma işlərinin həyata keçirilməsi nəqliyyat axınının daha optimal şəkildə idarə olunmasına imkan yaradacaq.

Bu proqram çərçivəsində icra edilən layihələr təkcə nəqliyyat infrastrukturunun inkişafına deyil, həm də regionların iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Bakı şəhərinin nəqliyyat sıxlığının azaldılması, şəhərətrafı qəsəbələrə gediş-gəlişin rahatlaşdırılması, yük və sərnişin daşımalarının təhlükəsiz və sürətli icrası proqramın əsas prioritetləri sırasındadır. Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər təkcə yol təsərrüfatının inkişafına deyil, həm də ölkənin ümumi sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərir.

Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.  Bu layihənin icrası nəqliyyat axınının daha səmərəli təşkil olunmasına və yolların keçid qabiliyyətinin artırılmasına xidmət edir. Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun yüksək texniki göstəricilərə malik olması, onun uzunmüddətli istismara yararlı olmasını təmin edəcək. Tikintidə tətbiq edilən müasir infrastruktur həlləri yolun dayanıqlığını artırmaqla yanaşı, həm də sürücülər üçün təhlükəsiz və rahat hərəkət şəraitinin yaradılmasına kömək edəcək. Bununla yanaşı, layihədə nəzərdə tutulan qovşaqlar və körpülər, yolun fərqli istiqamətlərdə kəsişmələrini tənzimləyərək nəqliyyatın fasiləsiz hərəkətini təmin edəcək. Tunellər və keçidlər isə piyada və avtomobil yollarının təhlükəsizliyini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Drenaj sistemlərinin qurulması  yol infrastrukturunun uzunömürlü olmasını təmin edərək istənilən hava şəraitində yol örtüyünün zədələnməsinin qarşısını alacaq.

Hazırda layihə üzrə yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır. Bu, yolun genişləndirilməsi və tikinti prosesinin maneəsiz davam etməsi üçün vacib addımlardan biridir. Artıq yolun 6 kilometrlik hissəsində torpaq yatağının tikintisi, 4 kilometrlik hissəsində isə əsasən alt və üst laylarının tikintisi, eləcə də yeni asfalt-beton örtüyünün döşənməsi və digər işlər başa çatıb. Tikinti işləri “İnşaat norma və qaydaları”na əsasən, texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur. Bütün proseslər nəqliyyat axınının təhlükəsiz və dayanıqlı olmasını təmin etmək məqsədilə həyata keçirilir. Layihənin vaxtında yekunlaşdırılması üçün lazımi sayda texnika və işçi qüvvəsi cəlb edilib ki, bu da işlərin operativ və keyfiyyətli şəkildə tamamlanmasına zəmin yaradır.

Qeyd edək ki, yeni yolun inşası Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələri üçün paytaxta daxil olmadan əsas magistrallara birbaşa çıxış imkanı yaradır. Bu, şəhərdaxili nəqliyyat yükünü azaldır, həmçinin alternativ marşrutlar vasitəsilə səmərəli və fasiləsiz hərəkəti təmin edir. Bundan əlavə, yeni yol Bakı–Quba–Rusiya sərhədi avtomobil yoluna birləşməklə şimal istiqamətində nəqliyyat axınını daha əlverişli edir. Digər tərəfdən, Bakı–Şamaxı–Yevlax magistralına çıxışı təmin etməklə qərb bölgəsinə rahat və sürətli əlaqə yaradır. Bütün bunlar ölkə daxilində və beynəlxalq səviyyədə yük və sərnişin daşımalarının optimallaşdırılmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı – Novxanı – Xırdalan – M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Kürdəxanı yol qovşağı inşa olunur. Yol qovşağı 1 yol ötürücüsü və 4 qol ilə layihələndirilərək, nəqliyyatın axınını tənzimləməyə və sıxlığı azaltmağa xidmət edəcək. Hazırda yol yatağının inşası, drenaj sistemlərinin qurulması və istinad divarlarının tikintisi aparılır ki, bu da yolun dayanıqlığını və uzunmüddətli istismarını təmin etmək üçün vacibdir. Bu qovşaq Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı istiqamətlərində hərəkəti asanlaşdıracaq, sürücülərə daha rahat və təhlükəsiz marşrutlar təqdim edəcək. Hərəkətin fasiləsizliyinin təmin olunması isə nəqliyyatın sürətini və səmərəliliyini artıracaq, həm sərnişinlərin, həm də yük daşımalarının vaxt itkisini minimuma endirəcək. Bu baxımdan, qovşağın tikintisi Bakı və ətraf ərazilər üçün mühüm infrastruktur yeniliyidir.

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi də sürətlə davam etdirilir. Yeni yolun inşası Bakı şəhərinin əsas prospektləri olan Heydər Əliyev və Ziya Bünyadov prospektlərindəki sıxlığı aradan qaldırmaq məqsədi daşıyır. Bu addım Bakı şəhərinin inkişafına və əhalinin daha rahat və təhlükəsiz nəqliyyat şəbəkəsindən istifadəsinə imkan verəcək. Bu layihə şəhərin urbanizasiyasını və infrastrukturunu gücləndirərək, həmçinin iqtisadi inkişafın təkan verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması işləri də tərəfindən davam etdirilir. Bu istiqamətdə aparılan işlər əhalinin bir çox yaşayış məntəqəsini birləşdirən 12 kəndlərarası avtomobil yolunun yenidən qurulmasını əhatə edir. Ümumilikdə, bu layihə ilə 107,3 min nəfər əhalinin daha yaxşı yollarla təmin edilməsi və 252 kilometrlik yolun yenidən qurulması başa çatdırılıb. Bu işlərin davam etdirilməsi, kəndlərdə yaşayan insanlara daha sürətli və təhlükəsiz nəqliyyat imkanları yaratmaqla yanaşı, həm də iqtisadi inkişafı stimullaşdırır. Daha yaxşı yollar, kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılmasını asanlaşdırır və yeni iş imkanlarının yaradılmasına kömək edir. Eyni zamanda, əhalinin sosial xidmətlərə, təhsilə və səhiyyəyə daha yaxın olmasını təmin edir. Ümumilikdə, bu layihələr Azərbaycan üçün kəndlərarası və şəhərlərarası əlaqələrin daha səmərəli və funksional olması baxımından əhəmiyyətli addımlardır.

Göründüyü kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə görülən işlər, yalnız yolların fiziki vəziyyətinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda, sosial və iqtisadi sahələrdə də əhəmiyyətli dəyişikliklərə səbəb olur. Yeni yolların salınması və mövcud yolların əsaslı şəkildə yenidən qurulması ölkənin hər bir bölgəsində iqtisadiyyatın daha sürətli inkişafına şərait yaradır. Yüksək keyfiyyətli infrastruktur, xarici sərmayələri cəlb edir, həmçinin ölkə daxilində iqtisadi əlaqələri möhkəmləndirir və iş imkanları yaradır.

Nigar Orucova, “İki sahil”