06 mart 2025 22:55
116

Bakıda imzalanan mühüm sənədlər: SOCAR bu əməkdaşlqıdan nə qazanacaq?

İlham Şaban: Sənədlərin imzalanması Özbəkistan, Qazaxıstan, Rusiyanın Tatarıstan Respublikasının şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək

Xəbər verildiyi kimi, Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəf, "KazMunayQaz”ın İdarə Heyətinin sədri Asxat Xasenov, “Tatneft”in baş direktoru Nail Maqanov və “Uzbeknefteqaz”ın İdarə Heyətinin sədri Baxodirjon Sidikov çıxış ediblər.

Konfrans çərçivəsində, həmçinin “Yeni standartların işlənilməsi və neft-qaz sənayesində tətbiqi”, “Fövqəladə halların aradan qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının əhəmiyyəti”, "Neft-qaz sənayesi üçün açıq rəqəmsal həllər konsorsiumu – vahid mühəndis mühiti", “Birgə satınalma fəaliyyətinin üstünlükləri və tətbiqinin prinsip və mərhələləri” mövzularında panel müzakirələr təşkil olunub. Konfrans çərçivəsində SOCAR ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft”və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli sənədlər imzalanıb.

Qeyd edək ki, şirkətlər arasında imzalanan sənədlər Azərbaycan, Qazaxıstan, Özbəkistan və Tatarıstanın dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Tərəflər arasında münasibətlərin dərinləşdirilməsinə maraq yaradan sənədlər

Çox yaxşı haldır ki, sənədləri imzalayan dövlətlər arasında Özbəkistan da var

Dövlət Neft Şirkəti ilə Qazaxıstan, Tatarıstan və Özbəkistan şirkətləri arasında əməkdaşlığın mahiyyətini “İki sahil”ə şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, SOCAR ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft” və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli memorandumlar hüquqi öhdəliyi olmayan sənədlərdir: “Bununla yanaşı, əlaqələrin genişləndirilməsinə dair imzalanan sənədlər tərəflər arasında bir-biri ilə münasibətlərin dərinləşdirilməsinə, inkişaf etdirilməsinə maraq yaradır. Çox yaxşı haldır ki, sənədləri imzalayan dövlətlər arasında Xəzəryanı ölkələr, o cümlədən Xəzərə birbaşa çıxışı olmayan, ancaq Azərbaycanla son beş ildə iqtisadi, siyasi, mədəni və o cümlədən də enerji sahəsi üzrə münasibətlərinin genişləndirilməkdə maraqlı olan Özbəkistan da var. Sənədlərin imzalanması Özbəkistan, Qazaxıstan, Rusiyanın Tatarıstan Respublikasının şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək. Tatarıstanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) özünəməxsus texnologiyaları var ki, bu da əsasən qalıq neftin daha yüksək əmsalla çıxarılmasına yönəlib. Bu şirkətin Xəzəryanı ölkələrlə əməkdaşlığa meyillilik var. Bu, onu göstərir ki, Azərbaycan Xəzərətrafı ölkələr arasında əməkdaşlıqda maraqlı olan tərəf kimi çıxış edir. Bakıda imzalanan bu sənədlər bir daha onun göstəricisidir.”

Birgə fəaliyyət nəticəsində daha böyük uğura nail olmaq olar

İlham Şaban onu da qeyd edib ki, Azərbaycanın Dövlət Neft Şirkətinin Qazaxıstanın “KazMunayQaz” şirkəti ilə əlaqələri inkişaf edib: "Bu əlaqələr əsasən daşımalar üzrə daha inkişaf edir. 2025-ci ildən Qazaxıstanda yeni bir mənbədən “Kaşağan” dəniz yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına daşınmasının şahidi olduq. 

Mərkəzi Asiya ölkələri ilə əlaqələrə diqqət yetirsək SOCAR-la Özbəkistanın “Uzbeknefteqaz” şirkəti arasında
əlaqələrinin getdikcə genişləndiyini müşahidə edərik

Yanvar ayının sonlarında ilk partiya neft göndərildi. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınıb. Bildirim ki, bu daşıma 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub. Bu il üçün 240 min tondan artıq "Kaşağan" nefti Azərbaycanın əsas ixrac boru kəməri vasitəsilə dünya bazarlarına çatdırılacaq. Bir faktı da vurğulamaq yerinə düşər ki, ötən il 1.4 milyon tondan çox Qazaxıstan nefti Azərbaycan vasitəsilə daşınıb. Bu il "Tengiz" yatağından 1.5 milyon ton, əlavə olaraq "Kaşağan" yatağınan 240 min tondan artıq neft ölkəmiz vasitəsilə dünya bazarlarına çıxarılacaq. Mərkəzi Asiya ölkələri ilə əlaqələrə diqqət yetirsək SOCAR-la Özbəkistanın “Uzbeknefteqaz” şirkəti arasında əlaqələrinin getdikcə genişləndiyini müşahidə edərik. "SOCAR Trading" şirkəti 2024-cü ildən Özbəkistanın neft-kimya məhsullarının dünya bazarlarında satışını həyata keçirir. Digər tərəfdən, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyi ilə Özbəkistanın kimya sənayesi arasında kifayət qədər konstruktiv münasibətlər yaradılıb.”

Enerji məsələləri üzrə ekspert memorandumda da öz əksini tapan bir məsələni də qeyd edib: “Bu, birgə satınalmaların həyata keçirilməsidir. Belə bir məsələni vaxtilə “bp-Statoil” alyansında müşahidə etmişdik. Onlar dünya miqyasında əməkdaşlıq edərək birgə satınalmalar həyata keçirməklə boruları dünyanın ən tanınmış şirkətlərindən 20 faiz ucuz ala bilirdilər. Belə bir şəraitdə məhz əməkdaşlıq hesabına rəqabətliliyi artıran, o cümlədən birgə fəaliyyət nəticəsində daha böyük uğura nail olmaq olar ki, bu da Bakıda imzalanan sənədlərdə öz əksini tapıb.”

Orxan Vahidoğlu, “İki sahil”