07 mart 2025 09:09
164

“Google” süni intellektlə işləyən axtarış rejimini sınaqdan keçirir

“Google” öz axtarış sistemində tam süni intellektlə işləyən axtarış rejimini sınaqdan keçirməyə başlayıb.

İki sahil” xəbər verir ki, şirkət bu xüsusiyyətin süni intellekt texnologiyalarını sürətlə yaymaq planının bir hissəsi olduğunu açıqlayıb.

“Google”un ən son süni intellekt modeli olan “Gemini 2.0” ilə dəstəklənən “AI Mode” istifadəçilərə birbaşa internetdən məlumat təqdim edir, ənənəvi bağlantılar siyahısı əvəzinə söhbətə bənzər cavablar yaradır.

"Siz ağlınıza gələn hər şeyi soruşa və süni intellektlə işləyən faydalı cavablar ala bilərsiniz. Siz həmçinin əlavə suallar vermək və müvafiq internet bağlantılarına daxil olmaq imkanınız olacaq”, - şirkətin yaydığı məlumatda qeyd edilib.

Şirkət qeyd edib ki, AI rejimi mürəkkəb mövzuları araşdırmaq, müqayisələr aparmaq və əsaslandırma tələb edən suallar üçün xüsusilə faydalıdır.

AI rejimi hazırda yalnız Google One AI Premium abunəçiləri üçün əlçatandır. Bununla belə, şirkət uğur qazanacağı təqdirdə funksiyanı daha geniş auditoriyaya açmağı planlaşdırır.

“Google” həmçinin axtarış nəticələrinin yuxarı hissəsində görünən "AI Baxışları" xüsusiyyətinə yeniləmələr təqdim edib. Bu funksiya indi riyaziyyat və kodlaşdırma kimi sahələrdə daha tez-tez görünəcək və istifadəçilərin daxil olmasını tələb etmədən əlçatan olacaq.

Bu dəyişikliklərin hesablı və ya hesabsız “Google”dan istifadə edən dünya üzrə təxminən 5 milyard insana təsir edəcəyi gözlənilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”