09 mart 2025 20:20
102

Kapello: Qvardiola futbola böyük zərər vurub

Məşhur italiyalı mütəxəssis Fabio Kapello hesab edir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolu darıxdırıcı edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə “El Mundo” nəşrinə bildirib.

78 yaşlı məşqçi düşünür ki, Qvardiola futbola böyük zərər vurub, baxmayaraq ki, bu, onun günahı deyil.

“Çünki bütün məşqçilər 10 ilini onu təqlid etməyə sərf etdilər. İtaliya futbolu bu üslubla doldu və öz təbiiliyini itirdi. Mən deyirdim: “Dayanın, sizdə Quardiolanın futbolçuları yoxdur!” Bundan başqa, absurd bir fikir yayılmışdı ki, yaxşı oyun ancaq belə ola bilər.

Topa toxunuş, toxunuş, bir daha toxunuş, yenə toxunuş… İndi italyan futbolunda qapıçılar belə topu oyuna daxil edirlər! Bu, fəlakətdir və eyni zamanda darıxdırıcıdır. Bu, bir çox insanı futboldan uzaqlaşdırdı – indi onlara əsas anları izləmək kifayət edir. 90 dəqiqə mübarizə və sürətli hücum olmadan nəyə baxasan? Xoşbəxtlikdən, futbol dəyişir. Ən çox da onu İspaniya dəyişdi – Avropa çempionatını iki cinah oyunçusu və sürətli oyunla qazandılar”.