12 mart 2025 10:59
151

Ya təzminat, ya da torpaq…

Hayastan beynəlxalq hüquq müstəvisində də uduzmağa məhkumdur

Ermənistanın 30 illik işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzurda abadlıq, bərpa- quruculuq işləri sürətlə davam edir. Həm də bu inşaat işləri Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın kimi daşı daş üstdə qalmayan şəhər və qəsəbələrimizdə aparılır. Azərbaycan Ordusunun tarixi qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra  ölkəmizin işğalçı Ermənistandan haqlı tələblərindən biri də  Azərbaycana dəyən maddi və mənəvi ziyanın ödənilməsi oldu. Bu ziyan 100 milyardlarla manat həcmində ölçülür.  Artıq Azərbaycan dövləti bu barədə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyi qarşısına hədəf qoyub. Xüsusilə Qarabağda törədilən Xocalı, Meşəli və Qaradağlı, Ağdaban, Başlıbel soyqırımlarına görə Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serjik Sakisyan layiqli cəzalarını almaları üçün artıq düyməyə basılıb.

Xatırladaq ki, tarixdə belə təcrübələr mövcuddur.  Belə ki, İkinci Dünya müharibəsində də Almaniyanın və onun  müttəfiqlərinin üzərinə təzminat yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta konfransında qəbul olunub. Nəticədə Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri və digər texnoloji avadanlıqlar təzminat məhsulu kimi olaraq SSRİ-yə ödənildi. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.

Bundan başqa, İkinci Dünya müharibəsi zamanı faşist Almaniyası yəhudilərin  soyqırımında  günahlandırılaraq İsrailə indiyədək 70 milyard dollaradək təzminat ödəyib. Uqanda 1998-2003-cü illərdəki işğala və yerli sakinlərin ölümünə görə Konqoya 325 milyon dollar təzminat ödəyəcək. Bu barədə qərarı Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi qəbul edib. Uqanda məhkəmənin qərarı ilə İturi bölgəsinin şərq hissəsində 10-15 min insanın ölümünə görə məsuliyyət daşıyır. İraq isə daha əvvəl Küveytin işğalı üçün 50 milyard dollardan çox kompensasiya ödəyib.

Prezident İlham Əliyev Ermənistanın bu vandallığı nəticəsində Azərbaycana vurulan zərərin hesablandığını, beynəlxalq təşkilatlar, məsləhətçilər cəlb olunmaqla qiymətləndirmələrin aparılacağını və təcavüzkar dövlətə qarşı təzminat davasının açılacağını bəyan edib və artıq bu istiqamətdə işlər aparılır. Təbii ki, ölkəmizə dəyən xeyli maddi ziyanı həm yerli, həm beynəlxalq ekspertlər də təsdiqləyirlər. Xarici ekspertlərin fikrincə, bu rəqəm təxminən 50 milyard dollardır. Ermənistanın keçmiş baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan  da bildirib ki, ermənilər Azərbaycana vurduqları ziyana görə 50 milyard dollar ödəməli olacaqlar. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci ilin noyabrın 10-da imzaladığı təslimçi Bəyanat buna hüquqi əsas yaradır. 

Azərbaycanlı mütəxəssislər isə təzminatın həcminin təqribən  500 milyard dollar olduğunu deyirlər. Sənəddə təkcə dağıdılmış infrastruktur, binalar, evlər deyil, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddətdə ildə faktiki itirilmiş qazanc da hesablanıb. Onların hesablamalarına görə, işğaldan əvvəl  Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3 faizi, üzümün 31,5 faizi, ətin 14,5 faizi, südün 17,1 faizi, yunun 19,3faizi və baramanın 17 faizi Ermənistanın işğalına məruz qalmış ərazilərimizin payına düşürdü.

Bu illərdə 185 000 hektar əkin yerləri və 645 000 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri işğal altında qalıb. Rəsmi məlumatlara əsasən, işğal nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7093 ictimai obyekt, o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 səhiyyə müəssisəsi, 4 sanatoriya və müalicə müəssisəsi, 927 kitabxana, 706 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı, 12 dövlət arxivi və 401min dövlət arxiv sənədi məhv edilib, qarət və talan olunub. Rəqəmlərə diqqət edin: işğal dövründə 2000 km uzunluğunda qaz kəməri, 34 qazpaylayıcı qurğu, 76 940 km elektrik xətti, 7586 km su kəməri, 598 rabitə qovşağı, 3052 km rabitə xətti, 28 980 km kabel-kanalizasiya qurğusu və 325,8 km dəmir yolu məhv edilib. Qarabağ hadisələri başlayandan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 20 000 insan öldürülüb və 50 000 insan yaralanıb və ya əlil olub. 4 minə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkindir. 1 milyondan artıq həmvətənimiz – Ermənistandan didərgin düşən soydaşlarımız daxil – mülkiyyət hüququndan məhrum edilib, ağır məhrumiyyətlərə düçar edilib. Təkcə Xocalı, Malıbəyli, Ağdaban, Başlıbel, Meşəlidəki soyqırımların təzminatı üçün yüz milyardlar belə azdır.

Bu bir reallıqdır ki, Ermənistan təzminat məsələsindən yayına bilməz. Bunu beynəlxalq hüquq da tələb edir. Lakin həmişə belə olub ki, beynəlxalq hüquq təşkilatları ölkəmizin haqlı tələblərinə laqeyd münasibət bəsləyiblər. Biz bunu Qarabağın 30 illik işğalında şahid olduq. Amma artıq güclü və qalib Azərbaycan var və onun haqlı tələblərinə ciddi və ədalətli yanaşmanın zamanıdır. Yəni, birmənalı olaraq suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı Ermənistan işğal edilmiş ərazi üzərində suverenliyə malik deyildi, işğal rejimi çərçivəsində fəaliyyət göstərirdi və bu ərazilərin işğalının müvəqqəti hal olmasını anlayırdı.

Ermnipərəst ölkələr isə bu məsələ də Hayastanı himayə edirlər. Onların haqsız iddialarında bildirilir ki, Ermənistanın Azərbaycana böyük miqdarda təzminat ödəmək imkanı yoxdur. Biz isə onlardən haqlı olaraq soruşuruq: Axı necə olur ki, Sülh Fondunun, Avropa İttifaqının, (Aİ) ABŞ-ın ayırdığı yüz milyonlarla pulu  Ermənistan yenidən silahlanmaya xərcləyir, amma Azərbaycana vurduğu ziyanı ödəməyə pul tapmır?

Bundan başqa,  işğalçı ölkəyə ən tutarlı cavabımız belə ola bilər ki, təzminat ödməyə  maliyyə vəsaiti yoxdursa, onda Azərbaycanın tarixi əraziləri olan Qərbi Zəngəzuru qaytarsın. Yaxud  Qarabağdakı qiymətli yataqlarımızı, Zod qızılını qanunsuz istismar etməsinin əvəzində Qafan şəhərinin 30 km-liyindəki Zəngəzur Mis-Molibden Kombinatını, Qafandakı dağ-mədən kombinatını Azərbaycana təhvil versinlər. Halbuki işğal illərində Ermənistan  ölkəmizlə sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq «GeoProMining» şirkətinin tam istismarına vermişdi. 2009-cu ildə buradan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl emalı kombinatında həyata keçirilib. Nəticədə işğalçı ölkə yüz milyonlarla dollar qazanıb.

Bunun üçün geniş imkanlara, xüsusilə də zəngin faktlara sahibik. Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məsələdə də qətiyyətli siyasət yürütməsi Ermənistanı məcbur edəcəkdir ki, təzminat şərtlərimizi qəbul etsin. Əminik ki, savaş meydanlarında dəmir yumruqla məğlubiyyətə uğrayan Hayastan və onun havavdarları beynəlxalq hüquq müstəvisində də məğlubiyyətə uğrayacaq.

Elçin Zaman, «İki sahil»