12 mart 2025 18:10
105

Sərhədləri açmağa hazırıq - Mirzoyan

Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və ədavət səhifəsini bağlamağa hazırdır.

“İki sahil” yerli KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər.

Regionun digər qonşusu - Türkiyə ilə münasibətlərin normallaşmasından danışarkən, o, Ermənistanın bu məsələdə konstruktiv yanaşmasını vurğulayıb.

"Eyni şəkildə biz Türkiyə ilə dialoqu qısa zamanda müsbət sonluğa çatdırmağa, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırıq. Bu barədə həm Ermənistan, həm də Türkiyə mütəmadi olaraq bəyanatlar veriblər. Müəyyən mənada, bu proseslər hətta Ukrayna ətrafında baş verən hadisələri qabaqlaya və ya onlarla paralel gedə bilər", -  A.Mirzoyan bildirib.