Donald Tramp administrasiyasının təlimatı və təzyiqi ilə ABŞ Təhsil Nazirliyi işçilərini kütləvi şəkildə ixtisar etməyə başlayıb. Təhsil naziri Linda MakMahon bildirib ki, işçilərin təxminən 50%-i (4133 nəfərdən 2183-ü) bu gün məlumatlandırılacaq və martın 21-dən etibarən inzibati məzuniyyətə göndəriləcəklər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, nazir qeyd edib ki, bütün bu ixtisarlar departamentin səmərəliliyə, hesabatlılığa və resursların ən çox ehtiyac duyulan yerə: tələbələrə, valideynlərə və müəllimlərə yönəldilməsini təmin etmək öhdəliyini əks etdirir.
Makmahon daha sonra deyib ki, ixtisarlar nazirliyin tamamilə bağlanması istiqamətində ilk addımdır. Donald Tramp prezidentlik kampaniyası zamanı nazirliyi bağlamaq planlarını açıqlayıb və prezident seçildikdən sonra bu niyyətini təsdiqləyib.
Xanım MakMahon bildirib ki, prezident bu mandat haqqında aydın və qısa danışıb. Bununla belə, nazir dəqiqləşdirib ki, nazirliyin tamamilə bağlanması üçün hələ də ABŞ Konqresinin qərarı tələb olunacaq.