Qusar rayonunun Quxuroba kəndində fərdi yaşayış evində güclü yanğın baş verib. Hadisə nəticəsində Zahid Abdiyevə məxsus ikimərtəbəli, səkkiz otaqdan ibarət yaşayış evi tamamilə yanaraq külə dönüb. Naməlum səbəblərdən baş verən yanğın gecə saatlarında mənzilin birinci mərtəbəsində başlayaraq sürətlə digər otaqlara yayılıb. Zərərçəkənlərin sözlərinə görə, alov qısa müddətdə bütün evi bürüdüyündən heç bir əşyanı çıxarmaq mümkün olmayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Ev sahibəsinin sözlərinə görə, evdə onlarla birlikdə yaşayan 2 gəlinin bütün cehizləri də yanıb.
Zərərçəkən Raisə Abdiyeva: "Bütün əşyalar yanıb kül oldu. İki gəlinin cehizi də var. İki dənə mebel də yandı. Divan da var, kreslo da var. Stol, stul da var. “Stiralnı” maşın da var. Təzə köçmüşdük, təzə evə, hər şey yanıb kül olub. Gecə saat 2 radələrində baş vermişdir. Dəqiq bilmirəm işıqdan olubmu, qazdan olubmu”.
Ev sahibinə təxminən 25 min manat dəyərində maddi ziyan dəyib. Yanğının dəqiq səbəbləri araşdırılır.
Aydın Adıgözəlov,
Qusar, "İki sahil" üçün