Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi» mövzusunda XII Qlobal Bakı Forumu bütün dünya xalqlarına ünvanlanan sülhə dəstək çağırışı idi
Dünyanın nəzərləri yenə Bakıya yönəlib. Beynəlxalq əhəmiyyətli COP29-dan sonra daha bir mühüm tədbirə ev sahibliyi Azərbaycanın dünyada artan nüfuzunun təsdiqidir. Son illərdə beynəlxalq aləmdə baş verən hadisələrə nəzər yetirdikdə bir reallıq aktuallığını qoruyur: Dünyanın çərxi bu çərxi dolandıranların istəklərinə uyğun fırlanır. Nə vaxt dayanacağı da bəlli deyil. Çünki suallar çox olsa da siyasət masasının baş köşəsində əyləşənlərin sözləri eyni məcraya axmadığı üçün cavablar fərqlidir.
Paytaxtımızın «Gülüstan» sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi»” mövzusunda XII Qlobal Bakı Forumuna toplaşan, pozulmuş dünya düzənini tənzimləmək üçün bir platformada birləşən siyasətçilər maraqlı açıqlamaları ilə diqqəti cəlb etdilər. Dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonağın iştirak etdiyi Forum bir daha Azərbaycanın qlobal miqyaslı sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrildiyini təsdiqlədi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda - Qoşulmama Hərəkatında sədrlik edən, o cümlədən COVID19 pandemiyası dövründə 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verən, Avropa tərəfdaşları ilə əlaqələri möhkəmləndirərək Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi iştirak edən Azərbaycan COP29 zamanı bir sıra mühüm məsələlərin həllində də fərqləndi. 10 ildən artıq keçilməz sədd olan Paris Sazişinin 6-cı maddəsi ilə bağlı konsensusla bağlı razılıq məhz Bakıda əldə edildi. COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olundu. Buna görə, COP29 «Bakı sıçrayışı» adlandırıldı.
Forumda çıxış edən Prezident İlham Əliyev ölkəmizdə keçirilən COP29-un uğurla başa çatmasından, Azərbaycanın enerji potensialından, bərpaolunan enerji ehtiyatlarının tükənməzliyindən bəhs etməklə enerji diplomatiyamız əməkdaşlığa xidmət etdiyini də vurğulamışdır. Yaşıl enerji ixracı istiqamətində önəmli addımlar atan Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. «Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz» söyləyən Prezident İlham Əliyevin vurğuladığ kimi, Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, bu günə olan potensial demək olar ki, iki dəfə artırılacaq. Bunun sayəsində nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac etmək imkanı yaranacaq. Bu rəqəmlər imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır. Beləliklə, Bakıda COP29-u keçirmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlirdi.
Dövlət müstəqilliyi ilə enerji müstəqilliyinə eyni dərəcədə əhəmiyyət verildiyini bildrən Prezident İlham Əliyev qitələri, ölkələri birləşdirən Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyətini artıran, bölgədə sülhün bərqərar olunmasına xidmət edən qlobal nəqliyyat infrastrukturunun yenilənməsində Azərbaycanın müstəsna rolunu da diqqətə çatdırmışdır: «Bağlantı məsələlərinə gəldikdə, mən demək istəyirəm ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Biz bunun üçün yaxşı hazırıq, çünki biz üzərimizə düşən işi artıq icra etmişik. İndi isə biz, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək.»
Çox təəssüf ki, Azərbaycanın uğurları bəzi Qərb medialarında qarayaxma kampaniyaları ilə müşayiət olunur, ölkəmizə qarşı təxribatlar , müxtəlif dezinformasiyalar artır. Xüsusilə COP29 ərəfəsində və tədbirin davam etdiyi müddətdə ölkəmizi neft və qaz hasil edən ölkə kimi ittiham edirdilər. Halbuki, Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Ölkəmizin qlobal qaz emissiyalarında payı cəmi 0,1 faizdir. Bunu qlobal qaz emissiyalarına ən böyük töhfə hesab etmək olar. «Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlanırdı» sözləri ilə anti-Azərbaycan dairələrə etirazını diqqətə çatdıran Prezident İlham Əliyev bu sahədə daha çox canfəşanlıq göstərən Fransanın, Ag Evin keçmişdə qalan Bayden administrasiyasının ittihamlarını cəfəngiyyat adlandırdı: «Onlardan biri - ABŞ-ın Dövlət Departamenti idi. «Vaşinqton Post»”, «Nyu-York Tayms”», «Politico»”, «Newsveek»” və «Assoşieyted Press»” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların «Le Monde»”, «Fiqaro»” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi.»
Lakin nə qədər çalışsalar da, milli maraqlarını hər şeydən üstün tutan Azərbaycanı iradələrinə tabe edə bilməyən bu mənfur dairələr suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişdirə bilmədilər. Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, səlahiyytlərindən kənar əməllərə belə əl atdı. Onlar inana bilmirdilər ki, Cənubi Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman «bəli, cənab» deməyən ölkə var.
Prezident İlham Əliyevin vurğuladığı kimi, illərdən bəri ölkəmizə qarşı təxribat kampaniyasını genişləndirən, 30 il davam edən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxaran Fransa kimi, önunla müttəfiq olan bəzi ölkələr bu gün də erməni barbarlığını görmək istəmirlər. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən xarici qonaqlar erməni quldurlarının xarabazara çevirdikləri şəhər və kəndlərimizin ürək ağrıdan mənzərəsindən dəhşətə gəlirlər. 30 il Ermənistanın işğalı altında qalan ərazilərimizdə olan dini ocaqların, 65 məscidin dağıdılması nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək idi.
Göründüyü kimi, ölkəmizin beynəlxalq hüquq normalarına uyğun diplomatiyasını görməyib separatizmi dəstəkləyən Qərbin, Avropa İttifaqının səlahiyyətlərindən kənar siyasət yeritməsi Cənubi Qafqazda sabitlik üçün ciddi təhlükə yaradır. Ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının Azərbaycan xalqının güclü iradəsinin təzahürü olduğunu qəbul etmək istəməyən bəzi Avropa bürokratları Ermənistanı «sülh göyərçini» kimi təqdim etməyə çalışır, erməni faşistlərinin xalqımıza qarşı vəhşiliklərini yaddan çıxarırlar. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilərlər .613 insanın, o cümlədən 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını xalqımız yaddan çıxarmayacaq. Lakin, eyni zamanda, gələcəyə nəzər salmalıyıq. Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Azərbaycan daim bölgədə sülhün, sabitliyin tərəfdarı olduğu üçün kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsini yolverilməz hesab edir.
Prezident Donald Trampın qələbəsinə qədər ölkəmizə qarşı təxribatlarda daha çox fərqlənən ABŞ Dövlət Departamenti, onun ruporu USAID, ermənipərəsi korrupsioner Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. «Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar» sözləri ilə ölkəmizə qarşı təxribatlarda , ideoloji qarayaxmalarda «fərqlənən» saxta demokrtatların əməllərini qətiyyətlə pisləyən dövlət başçımız Azərbaycanın daxili işlərinə, qanunlarına müdaxilələri yolverilməz adlandırdı. Azərbaycan- Amerika münasibətlərinin hər zaman strateji tərəfdaşlıq istiqamətində davam etdiyini xatırladan Prezident İlham Əliyev ABŞ-ın sabiq Dövlət katibi, erməni dəstəkçisi Antoni Blinkenin ermənipərəst siyasətini qısaca olaraq belə şərh etdi: « Çünki cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.»
Azərbaycan hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı kimi daim eyni mövqedən çıxış edib. «Biz onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Biz onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər. Xatırlayıram ki, bu, Azərbaycanda böyük məyusluq yaratdı. Mən onların bəzi nümayəndələrinə söylədim ki, biz sizə necə inana bilərik? Biz sizə lazım olanda sanksiyanı dayandırırsınız. Biz sizə artıq lazım olmayanda, sanksiyanı yenidən tətbiq edirsiniz. Onda uzunmüddətli münasibətləri sizinlə necə qura bilərik? Beləliklə, çox maraqla baxırıq. Birincisi, ona görə ki, biz Azərbaycanda Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərini uçurumdan tam xilas etdik» sözləri ilə Ağ Evin yeni administrasiyası ilə əvvəlki münasibətlərin bərpasına əmin olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq.
Ümumiyyətlə, Bakı Forumunu dünya hadisələrinə, planetimizin müxəlif bölgələrində baş verən proseslərə siyasi baxış adlandırmaq olar. Hələ də atəş səslərinin eşidildiyi Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibələrinin dayandırılması istiqamətində səylər göstərilsə də məntiqli, sabit sonluq barədə danışmaq hələ tezdir. Atəşkəsin dayandırılması ilə bağlı müvəqqəti razılıqlar əldə olunsa da açılan hər atəş insan ölümü, şəhər və kəndlərdə baş verən dağıntılarla müşayiət olunur. Tərəflərə təqdim olunan şərtlər qarşılıqlı olaraq müzakirə edilir, daha çox fəlakət gətirən halların qarşısının alınması üçün ortaq nöqtənin tapılması üçün danışıqlar aparılır.
Forumda çıxış edənlər də dünyada baş verən hadisələrdən narahatlıqlarını ifadə etməklə bütünlükdə planetimizin qorunması üçün maraqlı təkliflərini də diqqətə çatdırdılar. Bildirildi ki, əgər davamlı və ədalətli sülh istəyiriksə, bu, sülh beynəlxalq hüquqa əsaslanmalıdır. Bu isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl edilməsi ilə mümkündür. Dünyanı sülhə, ədalətə səsləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin illərdir uğurlu fəaliyyəti bu prinsiplərə əsaslanır. Mərkəz bu gün də humanitar, sülhsevər siyasətində israrlıdır. Cənubi Qafqazda «binokl diplomatiyası»nı tətbiq etməklə özünü sülh tərəfdarı kimi göstərməyə çalışan Fransa, Avropa İttifaqı kimi digər anti-Azərbaycan dairələr başa düşməlidirlər ki, Forumda səslənən fikirlər həqiqi mənada bütün dünyada sülhə çağırışdır.
Xuraman İsmayılqızı, «İki sahil»