15 iyun 2026 13:00
142

Müstəqil Azərbaycanın xilası və yüksəliş yolunun başlanğıcı - Milli Qurtuluş Günü

Bu gün dövlətimizin əldə etdiyi nailiyyətlər də həmin siyasi kursun uğurlu davamının nəticəsidir

1969-cu il iyulun 14-ü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin gün Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni mərhələnin əsası qoyuldu. O dövrdə Azərbaycan iqtisadi göstəricilərinə görə Sovet İttifaqının geridə qalan respublikalarından biri hesab olunurdu. Sənaye istehsalının səviyyəsi aşağı, kənd təsərrüfatında məhsuldarlıq zəif, elmi-texniki potensial isə məhdud idi. Lakin Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət qısa müddət ərzində vəziyyəti dəyişdirdi. Respublikanın iqtisadi imkanları genişləndirildi, yeni sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatında islahat xarakterli addımlar atıldı, milli kadr hazırlığına xüsusi diqqət yetirildi.

Bu dövrün ən mühüm xüsusiyyətlərindən biri Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən siyasi, iqtisadi və mənəvi təməllərin formalaşdırılması idi. Həmin illərdə yetişdirilən minlərlə peşəkar mütəxəssis, yaradılan sənaye infrastrukturu, gücləndirilən iqtisadi potensial sonrakı dövrlərdə müstəqil dövlət quruculuğunun dayaqlarından birinə çevrildi. Azərbaycan xalqında milli mənlik şüurunun yüksəlməsi, milli dəyərlərə bağlılığın güclənməsi və gələcəyə inamın formalaşması da məhz həmin dövrün mühüm nəticələri sırasında yer aldı.

Müstəqilliyin ilk illərində dövlətçiliyin ağır sınağı

Tarix göstərir ki, dövlətlərin müstəqilliyi yalnız siyasi qərarla əldə edilmir. Müstəqilliyin qorunması üçün güclü iqtisadiyyat, milli həmrəylik, peşəkar idarəçilik və uzaqgörən siyasi liderlik tələb olunur. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ilk illərdə bu reallığın nə qədər mürəkkəb və ağır məsuliyyət daşıdığı ilə üz-üzə qaldı. Sovet İttifaqının dağılmasından sonra yaranan siyasi boşluq, hakimiyyət uğrunda amansız mübarizə, idarəetmə böhranı və Ermənistanın hərbi təcavüzü ölkəni son dərəcə təhlükəli vəziyyətə salmışdı.

1991-1993-cü illər Azərbaycanın müasir tarixində ən mürəkkəb mərhələlərdən biri kimi yadda qaldı. Dövlət təsisatları faktiki olaraq formalaşmamışdı, vahid komandanlıq sistemi yox idi, iqtisadiyyat sürətlə tənəzzülə uğrayırdı. Ölkənin müxtəlif bölgələrində separatçı meyillərin güclənməsi, silahlı qrupların fəaliyyət göstərməsi və mərkəzi hakimiyyətin zəifləməsi Azərbaycanın gələcəyini ciddi təhlükə altına qoymuşdu. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın əhəmiyyətli hissəsi işğal olunmuş, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Belə bir şəraitdə Azərbaycan cəmiyyətində ölkəni bu böhrandan çıxara biləcək siyasi liderə ehtiyac yaranmışdı. Xalqın böyük əksəriyyəti bu missiyanı yalnız Ümummilli Lider Heydər Əliyevin həyata keçirə biləcəyinə inanırdı. 1993-cü ilin iyun hadisələri zamanı ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalması vəziyyətin nə qədər kritik olduğunu bir daha göstərdi. Məhz həmin günlərdə xalqın tələbi və təkidi ilə Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcına çevrildi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkədə siyasi sabitliyin bərpasına aparan yolun başlanğıcı oldu. Bu tarix təsadüfi olaraq Milli Qurtuluş Günü adlandırılmır. Çünki həmin gün Azərbaycan dövlətçiliyi üçün real təhlükələrin qarşısının alınmasına, ölkənin parçalanmaq və müstəqilliyini itirmək riskindən xilas edilməsinə başlanıldı. Dövlət idarəçiliyində ardıcıllıq təmin olundu, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görüldü, ölkədə ictimai-siyasi sabitliyin bərpası üçün mühüm addımlar atıldı.

Xaosdan sabitliyə, qeyri-müəyyənlikdən inkişafa

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsas məqsədi dövlət institutlarını gücləndirmək, milli birliyi təmin etmək və Azərbaycanın müstəqilliyini dönməz etmək idi. Qısa müddət ərzində ölkədə hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. İnsan hüquq və azadlıqlarının təminatı hüquqi əsaslara söykəndirildi. Demokratik təsisatların formalaşdırılması prosesi sürətləndirildi.

Bu dövrdə iqtisadi sahədə də fundamental dəyişikliklər həyata keçirildi. Bazar iqtisadiyyatına keçid təmin edildi, xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradıldı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas sütunlarından birinə çevrildi. Bu müqavilə yalnız enerji sektorunun inkişafına deyil, bütövlükdə ölkənin beynəlxalq nüfuzunun artmasına və geosiyasi əhəmiyyətinin güclənməsinə xidmət etdi.

Sabitlikdən beynəlxalq nüfuza doğru

Milli Qurtuluşdan sonra Azərbaycanın xarici siyasətində də yeni mərhələ başladı. Dövlət öz milli maraqlarına əsaslanan balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak etməyə başladı, regionun mühüm siyasi və iqtisadi aktorlarından birinə çevrildi. Müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər ölkənin gələcək inkişafının əsasını təşkil etdi.

Sonrakı tarixi proseslər bir daha təsdiqlədi ki, 1993-cü ildə qəbul olunan qərarlar və həyata keçirilən siyasət Azərbaycanın xoşbəxt gələcəyinə xidmət etmişdir. Əgər həmin dövrdə dövlətçilik böhranı aradan qaldırılmasaydı, ölkənin gələcək uğurlarından danışmaq mümkün olmazdı. Bu mənada Milli Qurtuluş Günü yalnız bir tarixi hadisə deyil, müstəqil Azərbaycanın xilası və gələcək inkişafının başlanğıcı kimi qiymətləndirilir.

Ölkıəmizi Qurtuluşdan Zəfərə aparan siyasi kurs

Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər də həmin siyasi kursun uğurlu davamının nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmiz regionun ən güclü dövlətinə çevrilib. İqtisadi inkişaf, sosial rifahın yüksəlməsi, beynəlxalq nüfuzun artması və milli maraqlara əsaslanan müstəqil siyasət Azərbaycanın mövqeyini daha da möhkəmləndirib.

Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Bu qələbələr təsadüfi uğur deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət quruculuğu siyasətinin, güclü iqtisadiyyatın, modern ordunun və milli birliyin məntiqi nəticəsi idi.

Keçmişdən gələcəyə uzanan dövlətçilik yolu

Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrlərindən birini yaşayır. Dövlətimizi beynəlxalq nüfuzu artır, yeni iqtisadi layihələr reallaşdırılır, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Bütün bunların əsasında isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsi və milli inkişaf strategiyası dayanır.

Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız keçmişə aid tarixi hadisə kimi deyil, həm də gələcəyə uzanan dövlətçilik yolu kimi yaşayır. Bu tarix göstərir ki, milli həmrəylik, güclü lider fenomeni və dövlət maraqlarına sədaqət ölkələrin taleyində həlledici rol oynayır. Azərbaycanın keçdiyi yol bir daha sübut edir ki, müstəqillik yalnız əldə edilən deyil, qorunub saxlanılan və hər gün möhkəmləndirilən ən böyük milli sərvətdir. Məhz buna görə də 15 İyun təkcə Milli Qurtuluş Günü deyil, müasir Azərbaycan dövlətçiliyinin xilası, yüksəlişi və gələcəyə aparan yolunun başlanğıcıdır.

Nigar Orucova, "İki sahil"