16 iyun 2026 23:57
109

Tarixi bağları daha da möhkəmləndirən sənəd: Şuşa bəyannaməsi Türk Birliyinə nə verdi?

Böyük qürur hissi ilə vurğulamaq lazımdır ki, 2021-ci ilin 15 iyununda Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəldib.

Son beş il ərzində bu sənədin praktik nəticələri həm siyasi koordinasiyanın güclənməsində, həm də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha sistemli xarakter almasında özünü göstərib.

Birmənalı şəkildə vurğulanmalıyıq ki, Azərbaycan–Türkiyə münasibətlərinin nüvəsini vahid türk sivilizasiya məkanına mənsubiyyət təşkil edir. Əsrlər boyu ölkələrimiz arasında dil, mədəniyyət, ədəbiyyat və mənəvi dəyərlər baxımından sıx əlaqələr mövcud olub. Bu səbəbdən Azərbaycan və Türkiyə arasındakı münasibətlər klassik dövlətlərarası əlaqələrdən daha geniş məna daşıyır. Hər iki ölkənin ictimai şüurunda qardaşlıq anlayışı siyasi ritorika deyil, tarixi və sivilizasiya reallığı kimi qəbul edilir.

Azərbaycan və Türkiyə xalqlarının ortaq tarixi minilliklərə söykənir. Hər iki xalq oğuz-türk köklərinə malikdir və əsrlər boyu eyni sivilizasiya məkanında yaşayıblar. Dil, mədəniyyət, folklor, adət-ənənələr və dini dəyərlər baxımından mövcud olan yaxınlıq sonrakı dövrlərdə siyasi münasibətlərin inkişafı üçün mühüm zəmin yaradıb.

Bu gün Azərbaycan və Türkiyə regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış edən, qarşılıqlı dəstək mexanizmlərini daha da möhkəmləndirən iki müttəfiq dövlət kimi fəaliyyət göstərirlər. Bəyannamənin ən mühüm nəticələrindən biri təhlükəsizlik sahəsində əməkdaşlığın institusional əsaslarının genişlənməsi olub. Birgə hərbi təlimlərin intensivləşməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsi və silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılması regionda yeni təhlükəsizlik balansının formalaşmasına töhfə verib.

Eyni zamanda, Şuşa Bəyannaməsinin ən böyük strateji əhəmiyyəti isə onun Türk dünyası üçün yaratdığı yeni siyasi və ideoloji çərçivə sənədi kimi özünü təsdiqləməsidir. Sənəd göstərdi ki, türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız ortaq tarix və mədəniyyət anlayışı üzərində qurulmur və məhdudlaşmır.

Bu əməkdaşlıq təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və diplomatiya sahələrində də konkret strateji məzmun qazanır. Məhz buna görə, Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək inkişafının ideoloji və siyasi dayaqlarından biri kimi qiymətləndirilməlidir.

Orta Dəhlizin inkişafı, enerji və logistika layihələrinin genişlənməsi, Azərbaycan ilə Türkiyəni birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin əhəmiyyətinin artması regionun geoiqtisadi rolunu gücləndirib. Bu əməkdaşlıq modeli yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə Avropa ilə Asiya arasında əlaqələrin inkişafına da xidmət edir. Regional təhlükəsizlik baxımından Şuşa Bəyannaməsi yeni geosiyasi reallıqların formalaşmasında mühüm rol oynayıb.

Bu sənəd göstərdi ki, regionda sabitliyin təmin olunması məhz regional dövlətlərin qarşılıqlı əməkdaşlığı və məsuliyyətli siyasəti əsasında mümkündür. Azərbaycan–Türkiyə müttəfiqliyi bu mənada əməkdaşlıq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan təhlükəsizlik modelinin nümunəsinə çevrilib.

Eyni zamanda, Azərbaycan Ordusunun müasir standartlara uyğun formalaşdırılmasında Türkiyənin dəstəyi əvəzolunmazdır. Minlərlə azərbaycanlı zabit Türkiyənin hərbi təhsil müəssisələrində oxudu. Birgə hərbi təlimlər, döyüş hazırlığını artırılması, NATO standartlarına keçid, komanda idarəetmə sistemlərinin təkmilləşdirilməsi hərbi əməkdaşlığın əsasını təşkil edirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin gücünün bütün dünyaya nümayişi oldu. Müharibənin ilk günündən Türkiyə Azərbaycanın haqq işini dəstəklədiyini bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduqlarını açıq şəkildə bildirdi.

Bu gün Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətləri tənzimləyən sənəd deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasına təsir göstərən strateji yol xəritəsi kimi qiymətləndirilir. Sənədin yaratdığı siyasi və təhlükəsizlik çərçivəsi regionda uzunmüddətli sülhün, iqtisadi inteqrasiyanın və dayanıqlı əməkdaşlığın təşviqinə xidmət edən əsas amillərdən biri olaraq qalır. Şuşa Bəyannaməsinin əhəmiyyəti hər ötən il daha aydın şəkildə özünü göstərir.

Göründüyü kimi, son illərdə türk dövlətləri arasında siyasi dialoqun intensivləşməsi, nəqliyyat əlaqələrinin genişlənməsi və iqtisadi inteqrasiyanın sürətlənməsi bu yanaşmanın praktik nəticəsidir. Bu baxımdan, Şuşa Bəyannaməsi yalnız Azərbaycan–Türkiyə münasibətlərinin hüquqi bazasını gücləndirən sənəd deyil.

O, eyni zamanda, Cənubi Qafqazın yeni geosiyasi reallıqlarını əks etdirən, regional təhlükəsizlik modelinin formalaşmasına təsir edən və Türk dünyasının gələcək inteqrasiyası üçün strateji yol xəritəsi rolunu oynayan mühüm siyasi məramnamədir. Azərbaycan–Türkiyə münasibətlərinin bugünkü səviyyəsi göstərir ki, ortaq tarix, mədəniyyət və siyasi iradə üzərində qurulan əməkdaşlıq yalnız keçmişin mirası deyil. Şuşa Bəyannaməsi ilə bu münasibətlər yeni institusional məzmun qazanaraq regional siyasətin və Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji modelə çevrilib.

Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri