Son illərdə qurum üçüncü ölkələri əhatə edən bir neçə korrupsiya işi ilə ləkələnib
Silsilə korrupsiya qalmaqalları Avropa Parlamentini sarsıtmaqdadır. Burada bir-birinin ardınca xoşagəlməz hadisələr baş verir, avropalıların qanunverici orqanının çürümüş mahiyyəti daha da aşkar şəkildə üzə çıxır. Xatırladaq ki, təqribən iki il əvvəl uzaq Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı dünyanın aparıcı qəzetlərinin redaksiyaları, televiziya ekranları və smartfonlar qəflətən Brüsseldə Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçi Eva Kaylinin və daha üç şəxsin, o cümlədən onun sevgilisi, üstəlik, başqa bir avropalı deputatın köməkçisi olan italyan Françesko Giorginin, habelə sabiq Avropa deputatı, italiyalı Pyer Antonio Panzerinin saxlanılması ilə bağlı sensasion xəbərlərlə çalxalanmışdı. Saxlanılan dördüncü şəxs isə adı açıqlanmayan lobbiçi idi və təbii ki, o, həm də Avropa Parlamentinə sanki öz evi kimi gedib-gəlirmiş. İnternetdəki açıq mənbələr Avropa Parlamentinin korrupsiyaya bataqlığına batmış mahiyyətini və bu məsələdə erməni lobbiçilərinin rolunu üzə çıxaran yazılar dərc edib. Bu qalmaqallarda Avropa Parlamentinin üzvlərinin adları üzə çıxır.
Bu günlərdə Belçikada Avropa Parlamentinin binasında korrupsiyaya görə axtarışlar aparılıb. 2021-ci ildən bəri həyata keçirilən aktiv korrupsiya şübhələri ilə əlaqədar ölkə daxilində iyirmiyə yaxın əməliyyat keçirilib. Belçika polisi martın 13-də Avropa Parlamentində “kommersiya lobbiçiliyi adı altında” korrupsiya ilə bağlı aparılan araşdırmanın bir hissəsi kimi iyirmiyə yaxın axtarış aparıb. Səlahiyyətlilər "cinayətkar təşkilat tərəfindən törədildiyi iddia edilən" əməllərə istinad edərək bildiriblər ki, bir neçə şəxs aktiv korrupsiya əməllərində iştirakı ilə bağlı dindirilmək üçün saxlanılıb. Mətbuata bəyanatda deyilir ki, axtarışlardan biri də Portuqaliyada aparılıb. Belçika Federal Prokurorluğu kommunikesində 2021-ci ildən bəri müxtəlif formalarda korrupsiyanın müntəzəm və təmkinli şəkildə tətbiq edildiyini qeyd edərək bildirir ki, siyasi vəzifələrə görə mükafatlar, yemək və yol xərcləri kimi böyük miqdarda hədiyyələr, hətta futbol matçlarına müntəzəm dəvətlər kimi korrupsiya halları olub. Prokurorluq bildirib ki, belə hallarda məqsəd siyasi qərarların qəbulunda sırf şəxsi kommersiya maraqlarının təşviqi olub. Bununla belə, hələlik bu işdə potensial iştirakçıların və qrupların kimliyi ilə bağlı hər hansı təfərrüat təqdim olunmayıb.
Çinin “Huawei” texnologiya şirkəti də Brüsseldə Avropa Parlamentinin keçmiş və ya hazırkı deputatlarına rüşvət verməkdə şübhəli bilinir. Bu barədə “Euronews” Belçikanın “Le Soir”, “Knack” nəşrləri və “Follow the Money” araşdırma saytına istinadən məlumat yayıb. Məlumata görə, Belçika polisi Avropa Parlamentində korrupsiya işi ilə bağlı yeni araşdırma çərçivəsində “Huawei” şirkətinin Brüsseldəki mənzil-qərargahında və ölkə boyu bir neçə evdə axtarışlar aparıb. Qeyd olunub ki, texnologiya nəhənginin lobbiçiləri Avropa İttifaqında qərarların qəbuluna təsir etmək məqsədilə deputatlara rüşvət veriblər. Bu işdə Avropa Parlamentinin 15-ə yaxın hazırkı və keçmiş deputatının adı hallana bilər. Araşdırmanın mərkəzində 2019-cu ildən bəri “Huawei”də işləyən 41 yaşlı lobbiçi Valerio Ottati dayanır. “Euronews”un məlumatına görə, əgər araşdırma Avropa Parlamentinin hazırkı üzvlərini əhatə edərsə, Belçika hakimiyyəti parlamentdən onların toxunulmazlıq hüququnun ləğv edilməsini tələb edə bilər. Yeni qalmaqal Avropa Parlamentinin nüfuzu üçün məhvedici ola bilər. Bu, Qətər rüşvət qalmaqalından ("Qatargate") sonra tətbiq edilən etika və şəffaflıq qaydalarının sərtləşdirilməsi fonunda baş verir.
Qeyd edək ki, qatı ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin üzvləri ölkəmizə qarşı hər zaman qərəz və ikili yanaşma sərgiləyiblər. Avropanın ali qanunverici qurumunda heç bir əsasa söykənməyən, daxili mülahizələrdən, qərəzli münasibətdən çıxış edən müəyyən qrupun ölkəmizə qarşı hazırladığı qətnamələrin qəbulu adi hal alıb. Kağız parçasında əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi hiddət doğurur. Halbuki həmin şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında saxlanılıb. Siyasi sifarişi yerinə yetirən avroparlamentarilərin həmin şəxsləri “hərbi əsir” kimi qələmə verməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Sual olunur: Nədən ərazilərimizin kütləvi şəkildə minalarla çirkəndirilməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi, Qərbi azərbaycanlıların haqlı tələbləri barədə Avropa Parlamenti bir dəfə də olsun qətnamə layihəsi ilə çıxış etməyib? Cavab isə hər kəsə tam aydındır - riyakarlıq və ikiüzlülük, separatizm sevgisi, erməni lobbisindən alınan milyonlar. Həqiqətən də korrupsiya və rüşvət qalmaqallarında adı hallanan Avropa Parlamentinin üzvlərindən düzgünlük, ədalət və haqlı mövqe gözləmək sadəlövhlük olardı.
Sevinc Azadi, “İki sahil”