25 noyabr 2026 13:19
53

Kəlbəcər – Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi xalqımızın müasir tarixinin ən mühüm siyasi və hərbi hadisəsidir. Bu tarixi Zəfər müstəqil dövlətimizin illər ərzində formalaşdırdığı siyasi strategiyanın, iqtisadi qüdrətin, hərbi potensialın və milli birliyin məntiqi nəticəsidir. 25 noyabr 2020-ci il isə həmin möhtəşəm tarixin xüsusi səhifələrindən birini təşkil edir. Məhz həmin gün Azərbaycanın qədim və füsunkar guşəsi olan Kəlbəcər rayonu işğaldan azad edilərək əsl sahibinə qaytarıldı.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sınaqların nəticəsi idi. Həmin dövrdə AXC–Müsavat hakimiyyətinin yarıtmaz idarəçiliyi, siyasi qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə, dövlət institutlarının zəifliyi və orduda vahid komandanlığın təmin edilməməsi ölkənin müdafiə imkanlarını ciddi şəkildə zəiflətmişdi. Milli maraqların siyasi ambisiyalara qurban verildiyi, ölkədə xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə Ermənistanın işğalçılıq siyasəti üçün əlverişli imkanlar yaranmışdı. Kəlbəcərin işğalı da məhz belə bir məsuliyyətsiz idarəçilik dövrünün acı nəticələrindən biri oldu.

Bu işğal nəticəsində rayonun dinc əhalisi doğma yurd-yuvasından didərgin düşdü, minlərlə ailə məcburi köçkünlük həyatı yaşamağa məcbur oldu. İnsanların illərlə qurub-yaratdığı evlər, təsərrüfatlar, sosial və mədəni obyektlər dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu. Kəlbəcərin təbii sərvətləri talan edildi, onun zəngin ekoloji mühitinə ağır zərbə vuruldu. Lakin bütün bunlara baxmayaraq, kəlbəcərlilər doğma torpaqlarına qayıtmaq ümidini itirmədilər. Onların yaddaşında Kəlbəcər yalnız itirilmiş bir yurd deyil, bir gün mütləq qayıdılacaq müqəddəs Vətən torpağı kimi yaşadı.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası

Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində dönüş nöqtəsi 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu. Həmin vaxt ölkə vətəndaş müharibəsi təhlükəsi, siyasi parçalanma və dövlət müstəqilliyinin itirilməsi riski ilə üz-üzə idi. Belə mürəkkəb şəraitdə Ulu Öndərin siyasi iradəsi, dövlətçilik təcrübəsi və müdrik rəhbərliyi Azərbaycanı böyük fəlakətdən xilas etdi.

Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin təmin edilməsinə, dövlət idarəçiliyinin möhkəmləndirilməsinə, nizami ordunun formalaşdırılmasına və milli təhlükəsizlik sisteminin yaradılmasına xüsusi diqqət yetirdi. Azərbaycanın gələcək inkişafını müəyyən edən strateji qərarlar qəbul edildi, dövlətin iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində fundamental addımlar atıldı. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açdı.

Ən mühüm məqam ondan ibarət idi ki, Ulu Öndər Heydər Əliyev torpaqlarımızın azad edilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. O, güclü dövlətin və qüdrətli ordunun yaradılmasını, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsini və milli maraqlarımızın ardıcıl müdafiəsini gələcək Zəfərin başlıca şərtləri kimi görürdü. Sonrakı illərdə Azərbaycanın qazandığı nailiyyətlər bu uzaqgörən strategiyanın nə qədər düzgün və əsaslı olduğunu təsdiqlədi.

Ulu Öndərin siyasi kursunun möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi Azərbaycanı keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəltdi. Ölkənin iqtisadi imkanları genişləndi, beynəlxalq nüfuzu artdı, enerji və nəqliyyat layihələri vasitəsilə strateji mövqeləri möhkəmləndi. Paralel olaraq, ordu quruculuğu, müdafiə sənayesinin inkişafı, müasir silah sistemlərinin alınması və hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində ardıcıl işlər görüldü.

44 günlük Vətən müharibəsi və Kəlbəcərin azad olunması

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Cəmi 44 gün davam edən müharibə ərzində düşmənin illərlə qurduğu müdafiə istehkamları yarıldı, strateji yüksəkliklər və yaşayış məntəqələri azad edildi, Ermənistan ordusunun hərbi potensialına sarsıdıcı zərbə vuruldu.

Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaət, xalqımızın Müzəffər Ali Baş Komandan ətrafında sıx birləşməsi və dövlətimizin siyasi iradəsi Zəfəri şərtləndirən əsas amillər oldu. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən həlledici hadisəyə çevrildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya etməyə və işğal altında saxladığı digər əraziləri Azərbaycana qaytarmağa məcbur oldu.

Bu sənədə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər bir güllə belə atılmadan, Azərbaycan Ordusunun hərbi qüdrətinin yaratdığı reallıq, Prezident İlham Əliyevin siyasi-diplomatik qətiyyəti və müharibədə əldə olunmuş qələbənin nəticəsi olaraq azad edildi.

Kəlbəcərin qaytarılması Azərbaycanın hərbi qələbəsinin diplomatik müstəvidə də təsdiqi idi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan dövləti qarşıya qoyduğu strateji məqsədlərə nail olmaq üçün bütün imkanlarını səfərbər etmək gücündədir. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də diplomatik müstəvidə milli maraqlarını təmin etdi.

Bu gün Kəlbəcərin azad olunmasını yalnız ərazi bütövlüyümüzün bərpasına aparan mühüm mərhələ kimi deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin təntənəsi kimi qiymətləndirmək lazımdır.

Kəlbəcərdə yeni həyatın qurulması – Böyük Qayıdışın təntənəsi

Torpaqlarımızın işğaldan azad edilməsi ilə qarşıda yeni və məsuliyyətli mərhələ – dağıdılmış ərazilərin bərpası, infrastrukturun yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması vəzifəsi dayandı. Azərbaycan dövləti bu istiqamətdə genişmiqyaslı proqramların icrasına başladı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr miqyasına, əhatə dairəsinə və strateji əhəmiyyətinə görə ölkəmizin müasir tarixində xüsusi yer tutur.

Kəlbəcər də bu böyük quruculuq prosesinin mühüm istiqamətlərindən biridir. Rayonun mürəkkəb dağlıq relyefi, sərt iqlim şəraiti və geniş ərazisi bərpa işlərini daha çətin və məsuliyyətli edir. Buna baxmayaraq, dövlətimizin siyasi iradəsi və iqtisadi imkanları hesabına burada mühüm infrastruktur layihələri həyata keçirilir. Yeni avtomobil yolları, tunellər, körpülər, elektrik enerjisi və digər kommunikasiya xətləri, yaşayış və sosial obyektlər Kəlbəcərin gələcək inkişafının əsasını təşkil edir.

Bu quruculuq işlərinin başlıca məqsədi Kəlbəcəri yenidən yaşanılan, iqtisadi cəhətdən inkişaf edən və müasir sosial infrastruktura malik bir diyara çevirməkdir. Doğma sakinlərin qayıdışı, ailələrin öz evlərinə köçməsi, uşaqların doğma torpaqda təhsil alması, insanların burada əmək fəaliyyəti ilə məşğul olması Böyük Qayıdışın ən mühüm nəticələridir.

Kəlbəcərin zəngin təbii potensialı onun gələcək iqtisadi inkişafında da mühüm rol oynayacaq. İstisu mineral bulaqları, dağlıq ərazilərin turizm imkanları, meşələr, çaylar və təbii landşaftlar rayonun turizm və rekreasiya mərkəzi kimi inkişafı üçün geniş perspektivlər yaradır. Eyni zamanda, kənd təsərrüfatı, heyvandarlıq və digər ənənəvi təsərrüfat sahələrinin bərpası yerli iqtisadiyyatın güclənməsinə xidmət edəcək.

Burada həyata keçirilən işlər yalnız tikinti və abadlıq layihələri ilə məhdudlaşmır. Əslində, söhbət uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların həyatının yenidən qurulmasından, tarixi yaşayış məkanlarının dirçəldilməsindən və milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılmasından gedir. Bu baxımdan, Kəlbəcərin bərpası həm sosial, həm iqtisadi, həm də mənəvi baxımdan böyük əhəmiyyətə malikdir.

Kəlbəcər Azərbaycanın əbədi və ayrılmaz hissəsidir

Kəlbəcər zəngin təbiəti, tarixi abidələri, qədim yaşayış məskənləri və özünəməxsus mədəniyyəti ilə Azərbaycanın milli sərvətlərindən biridir. Bu torpağın hər bir guşəsi xalqımızın tarixindən xəbər verir. Dağları, yaylaqları, mineral bulaqları, qədim abidələri və zəngin folkloru Kəlbəcəri ölkəmizin digər bölgələrindən fərqləndirən mühüm xüsusiyyətlərdir.

İşğal illərində bu irsin məhv edilməsi və mənimsənilməsi cəhdlərinə baxmayaraq, Kəlbəcərin Azərbaycan kimliyinin ayrılmaz hissəsi olması heç vaxt dəyişməyib. Bu gün həmin tarixi irsin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması da dövlətimizin qarşısında duran mühüm vəzifələrdəndir.

25 Noyabr bizə həm də böyük Zəfərin hansı ağır sınaqlardan keçərək əldə edildiyini xatırladır. Bu günün arxasında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, Azərbaycan xalqının sarsılmaz iradəsi dayanır. Onların Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq. Kəlbəcərdə bu gün yenidən qurulan hər bir ev, salınan hər bir yol, dalğalanan üçrəngli bayrağımız həmin qəhrəmanlığın və fədakarlığın davamıdır. Əminik ki, qarşıdakı illərdə Kəlbəcər daha da inkişaf edəcək, Azərbaycanın ən gözəl yaşayış və turizm məkanlarından birinə çevriləcək.

Səbinə Salmanova,

Milli Məclisin deputatı