15 mart 2025 00:37
91

Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə  müəyyən vasitəçi rolunu oynayırıq

Qarşılıqlı səfərlərlə yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlər də ölkələrin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu reallığı daim böyük qürur hissi ilə qeyd edirik ki, tədbirlərin keçirilmə məkanından asıl olmayaraq diqqət göstərilən ünvan ölkəmiz olur. Azərbaycan inkişafın  mühüm modelini təqdim edir. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasının uğurların davamlılığında öz sözünü dediyini görərik. Hər il ənənəvi olaraq keçirilən Qlobal Bakı forumları da ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. 400-ə yaxın xarici qonağın qatıldığı XII Qlobal Bakı Forumunun açılış mərasimində, həmçinin panel iclaslarda  səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun aydın mənzərəsini tədim etdi.

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova bildirdi ki, coğrafi məsafəyə baxmayaraq,  iki dost ölkə dərin bağlara malikdir. Bu iki ölkə bəşəriyyətin qovuşduğu nöqtələrdə yerləşir və burada çoxmillətli, çox dinlərə malik xalqlar birgə yaşayır. Hər iki ölkə 1991-ci ildə müstəqilliyini bərpa edib, öhdəlik olaraq çoxtərəflilik və əməkdaşlıq kimi dəyərləri seçib. Həmçinin digər bir məsələ var ki,  iki ölkə üçün oxşardır.  Azərbaycan Odlar yurdudur, mən isə Günəş ölkəsini təmsil edirəm. Bizim makedon şairlərdən biri demişdir ki, Günəş insanın qazana bildiyi ən qədim odlardan biridir. Son bir neçə gün ərzində dost Azərbaycana rəsmi səfər çərçivəsində çox geniş müzakirələr apardıq.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus çıxışında COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür etdi.  COP29 zamanı  ölkəmizdə səfərdə olduğunu  qeyd edən Tedros Adhanom qısa müddət sonra bu cür yaxşı təşkil olunmuş tədbirə ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevi təbrik etdi. Bildirdi ki, yenidən Bakıda olmaq hər zaman böyük məmnuniyyət hissi doğurur və mən bu fürsətə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm.

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan  isə son dövrlər sürətlə inkişaf edən süni zəkanın, yeni innovasiyaların qeyri-bərabər paylanmasına diqqət çəkdi və Azərbaycan hökumətinin bu istiqamətdə də dialoq üçün dəstəyinə görə minnətdarlığını ifadə etdi. Bildirdi ki,  Azərbaycan etibarlı və etimadı doğruldan tərəfdaşdır. Bu, bir daha sübuta yetirildi.  Azərbaycandan Avropaya qaz ixracı gələcəkdə artacaq. Azərbaycanın yaşıl dəhliz gündəliyi - Qara dənizin dibi ilə Avropaya gedən elektrik enerji kabeli layihəsi uğurlu olacaq. ”

Azərbaycan haqqında söylənilən bu fikirləri xeyli sa     yda davam etdirə bilərik. Ölkəmizin təkmitl inkişaf modeli onun daim dünyanın diqqətində olmasını şərtləndirir. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğu reallıqdır. Tarixi Zəfərimizdən sonra bu münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsi əsas vəzifə kimi qarşıda dayandı.   Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri bunlardır: böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bəradərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurulur, heç kimin daxili işinə müdaxilə edilmir. Həmçinin Azərbaycan öz  daxili işinə müdaxiləni yolverilməz hesab edir.

Bu gün Azərbaycanın beynəlxalq nüfuzu ev sahibliyi etdiyi dünya  əhəmiyyətli tədbirlərin say tərkibindən də ayıdın görünür. Qeyd etdiyimiz kimi, COP29 və Azərbaycanın ev sahibliyi etdiyi  və edəcəyi digər  qlobal tədbirlər ölkəmizin dünyada  nüfuzunun böyük dərəcədə artdığını göstərir. Prezident İlham Əliyevin də  qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə  fəaliyyət göstərən dövlət  deyil,  dünyanın müxtəlif bölgələrində  fəal tərəfdaşlığı təşviq edən , etibarlı tərəfdaş kimi qəbul  olunan, dünyada qlobal  problemlərin həllində  fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.

Bu nüfuzun  formalaşmasının  tarixi vardır. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına  uğurlu  sədrliyi dövründə  ölkəmiz dünyanın müxtəlif regionlarını  bir araya gətirdi. Qurumun beynəlxalq nüfuzunun artmasında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev ötən il 7 fevral  prezident seçkilərində  qələbəsindən sonra keçirilən andiçmə mərasimində bu çağırışları da səsləndirdi ki, biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq.  Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik: «Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.»

Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Ölkəmizin ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Əvvəldə də qeyd etdiyimiz kimi,  ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Ölkəmizin Avropa institutları ilə  əməkdaşlığı da  uğurla inkişaf edir. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında diqqəti ötən ilin mühüm uğuru olan COP29-a yönəldərək  bildirdi ki, Azərbaycanda bu tədbiri təşkil etmək qərarı ölkəmizin  öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. Ölkəmiz enerji təchizatı baxımından qıtlıqla üzləşmir. Əksinə, bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək görərik ki, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Qonşularla, onların qonşuları ilə yaxşı münasibətdə olmaq lazımdır ki,  enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə bilək.

Bağlantı məsələlərinə gəldikdə isə  son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artıb. Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə  sülhün bərqərar olunması üçün hələ də çalışırıq.

Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Qlobal Bakı forumları  müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformalardır.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahbiliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Qalib Azərbaycan bundan sonra da xarici siyasət uğurları ilə dünyanın diqqətində olacaq. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana etimad böyükdür. Təbii ki, bu uğurlarımızda dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzu əhəmiyyətli rol oynayır.

Cənab İlham Əliyev bu ilin yanvarında Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bu reallığı xüsusi qeyd etmişdir ki, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq.

Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin  mövqeyi ondan ibarətdir ki, əgər hər bir dövlət  diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.

Azərbaycan  özünü daxili işlərinə müdaxilədən qorumağa müvəffəq oldu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadi müstəqilliyin təmin edilməsini qarşıya əsas hədəf qoydu və buna nail oldu. «Əsrin müqaviləsi»nin imzalanması ilə başlanan iqtisadi tərəqqi bu gün özünü ölkəmizin siyasi müstəqilliyinin təmin olunmasında nümayiş etdirir. Ölkəmizin bu gününə və gələcəyinə inam yeni-yeni layihələrin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçib. Neftdən asılılıq aşağı salınır, qeyri-neft sektoru inkişaf etdirilir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir: «Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.» Neft strategiyasının uğurları bu gün Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında özünün aydın ifadəsini tapır.

Yeganə Əliyeva, «İki sahil»