15 mart 2025 14:19
110

Azərbaycan sadiq dost, etibarlı tərəfdaşdır

Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumuna on ikinci dəfə ev sahibliyi edir.

Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi ona görə yüksəkdir ki, bunu dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Qlobal Bakı Forumlarını ənənəvi olaraq hər il qeyri-hökümət təşkilatı kimi çox yüksək beynəlxalq nüfuza malik olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkil edir. Forumda həmişə olduğu kimi bu il də, ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

Forum Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki dolğun çıxışı ilə də yaddaqalan oldu. Dövlət başçısı postmünaqişə dövrü ilə bağlı regionda baş verməkdə olan reallıqlardan söz açdı. Ermənistanın və onun dəstəkçilərinin yeni reallıqla bağlı təxribatçı addımlarının tam əsassızlığını bəyan edən Prezident Azərbaycanın qarşı tərəfdən fərqli olaraq, bundan sonra da real sülh şərtlərinə uyğun həqiqi addımlar atmağa hazır olduğunu vurğulayıb. Artıq ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk Qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir.

Azərbaycan uzun illər ərazilərimizin işğalına, bizə qarşı olan təcavüzə, insanlarımıza qarşı soyqırımına və bu proseslərə qlobal səviyyədə etinasızlığa qarşı amansız mübarizə aparırdı. Bizim dövlət və xalq olaraq bu mübarizəmizi aparmaqda əsas məqsədimiz bütün məhdudiyyətlərə baxmayaraq, regionda süni şəkildə yaradılmış keçmiş münaqişə ilə bağlı həqiqətləri işıqlandırmaq idi. Bu reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyada güc və söz sahibi olan beynəlxalq təşkilatlarla və dövlətlərlə güclü əlaqələrin yaradılması istiqamətində yürüdülən düzgün xarici siyasətin və uğurlu diplomatiyanın ən vacib komponentlərindən biri də belə mötəbər forumların və digər tədbirlərin keçirilməsidir.

Əminə Ağazadə,

Milli Məclisin deputatı