15 mart 2025 17:17
93

Viktor Orban: Gələcək bizimdir

Macarıstanın Baş naziri Viktor Orban 15 Mart - Milli Günün ildönümünü ilə əlaqədar bu gün Muzey bağında çıxış edib.

“İki sahil” xəbər verir ki, o, çıxışına “Macarıstanın azadlıq ideyası qədim zamanlarda, göylərdə təşəkkül tapıb və onun tarixi artıq minilliklə ölçülür. Şübhəsiz ki, bu ideya ulduzlar arasında səyahətini min illər boyu davam etdirəcək” cümləsi ilə başlayıb.

Baş nazir deyib: “Macarıstanın azadlığı ideyası əbədi və dönməzdir. Bundan 177 il əvvəl, məhz bu gündə o, həm tarixini - 15 Martı, həm də doğulduğu yeri - Buda və Peşti əldə etdi. Bu gün Macarıstanın azadlığı son şəklini aldı və əbədi olaraq ruhumuza daxil oldu. 15 Mart adi bayram deyil. Bu, bütün macarlar üçün müqəddəs bir andır. 15 Mart macarların bütün nəsillərinin günüdür. O, əbədidir və yer üzündə ən azı bir macar yaşayana qədər belə də qalacaq”.

Viktor Orbanın sözlərinə davam edib: “Hər il qış yuxusundan sonra həyat yenidən oyanmazdan, ağaclar çiçəklənməzdən, toxum səpilməmişdən və işə başlamazdan əvvəl biz macarlar mühüm tarixi qeyd edirik. Ona görə də bu gün bura toplaşmışıq. Yeni yaz düşüncələrimizə başlamazdan əvvəl bir-birimizə macarların yalnız bütün ciddiliklə danışa biləcəyi bir neçə məqamı xatırlatmalıyıq. Onların arasında bizdən xidmət tələb edən milli çağırış, Vətən qayğısı da var.

“Biz uzun illər susmuşuq. Bizə dedilər ki, keçmişə qərq olmuşuq. 1848-ci ildə belə demişdilər. Gələcəyin şanlı Vyana Habsburq imperiyasına aid olduğu deyilirdi. Onlar 1956-cı ildə bizə eyni şeyi dedilər ki, gələcək kommunist Sovet imperiyasına məxsusdur. Bunu indi də deyirlər, gələcəyin “göy qurşağı” dünya imperiyasına aid olduğunu deyirlər. Dedilər ki, biz keçmişdə qalmışıq. Ancaq dönüş nöqtəsi gəldi və mən indi deyirəm ki, biz, macarlar gələcəyik. Gələcək imperiyalara deyil, bizim kimi vətənpərvərlərə və müstəqil xalqlara məxsusdur”.

Macarıstan hökumətinin başçısı əlavə edib: “Azadlıq bizim DNT-mizdədir! Macarıstan Brüsselin ardınca müharibə etməyəcək, lakin lazım gələrsə, öz suverenliyini müdafiə edəcək”.

Baş nazir rəqiblərinə də müraciət edərək onları “qışlayan böcəklər”, “yeni dövrün zarafatcılları” adlandırıb: “Siyasətçiləri, hakimləri, jurnalistləri, saxta vətəndaş cəmiyyəti təşkilatlarını və siyasi fəalları korrupsiya dollarları ilə satın alan maliyyə maşınını sökün”.